Diqqətlərin cəmləşdiyi Soçi görüşü
15 avqust 2014 19:13 (UTC +04:00)

Diqqətlərin cəmləşdiyi Soçi görüşü

 

Xarici siyasətimizin ən önəmli vəzifə və prioritetlərindən biri Dağlıq Qarabağ probleminin beynəlxalq hüquq normaları çərçivəsində həllinə nail olmaqdır. Bu məsələ həmçinin Azərbaycanın milli təhlükəsizlik siyasətinə birbaşa daxildir. Lakin bəzi dövlətlərin məsələyə ikili standartla yanaşması Azərbaycanı narahat etməklə yanaşı, milli maraqlarına da cavab vermir. Xüsusilə də ATƏT-in məsələyə qeyri-obyektiv yanaşması bu problemin həllinin yubanmasına gətirib çıxarıb.

10 avqust 2014-cü il tarixində Soçidə baş tutan Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin birgə görüşü münaqişənin həlli istiqamətində yeni bir mərhələnin başlanğıcı olaraq dəyərləndirilir. Xüsusilə son günlər artan erməni təxribatlarının dayandırılması, tərəflərin ümumi razılıq əldə etməsi baxımından görüş xüsusi əhəmiyyət kəsb edirdi. 

Rusiya Prezidenti Vladimir Putinin təşkilatçılığı ilə baş tutan görüş real situasiyanın təhlilinə və münaqişənin həlli istiqamətində yeni yolların irəli sürülməsinə imkan yaratdı. Vladimir Putin çıxışında Qarabağ münaqişəsinin tənzimlənməsinin beynəlxalq formatlarının mövcudluğunu vurğulamaqla, münaqişənin sülh yolu ilə həllinin vacibliyini irəli sürdü. Ölkə Prezidenti İlham Əliyev münaqişənin həllində hüquqi bazanın mövcud olmasına baxmayaraq işğalçı Ermənistanın destruktiv siyasətindən əl çəkmədiyini, BMT TŞ-nın 4 qətnaməsinin hələ də yerinə yetirilmədiyini önə çəkdi. Eyni zamanda İlham Əliyev Prezident Vladimir Putinin iştirakı ilə baş tutan görüşün münaqişənin həlli istiqamətində yeni bir addım olacağı əminliyini vurğuladı. Soçi görüşünün yekununda Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyevlə Serj Sərkisyan Dağlıq Qarabağ məsələsi üzrə dialoqu davam etdirmək istəyini ifadə etdilər. Bu qərar Ermənistan Prezidenti Serj Sərkisyan üçün daha arzuolunan olduğundan o, bu addımı ümidverici qiymətləndirdi. Həmçinin Sarkisyanın bu münasibəti ölkəsinin “humanist” imicini yaratmağa istiqamətlənmişdi. Bununla, Sarkisyanın çıxışı və fəaliyyəti arasında paradoksallıq açıq şəkildə özünü göstərir. Hər gün atəşkəs rejimini pozan, mülki vətəndaşları, azyaşlıları belə silah hədəfinə tuş gətirən dövlətin başçısı gücdən istifadədən çəkinmənin vacibliyini irəli sürür.

Ümumilikdə, Soçi görüşü müharibə reallığını inkar etməklə, münaqişənin yalnız danışıqlar yolu ilə həllinin mümkünlüyü tezisini bir daha təsdiqlədi. Nəzərə almaq lazımdır ki, 20 ildən artıq bir dövrü əhatə edən münaqişənin həll olunmaması danışıqların perspektivsizliyinin göstəricisidir. Tezliklə həllə nail olunması üçün Minsk qrupu üzvləri şəxsi maraq və mənafedən kənar çıxış etməli, yeni, yaxud dəyişdirilmiş təkliflər planı üzərində işləməlidir.

Nailə Məmmədova

Azerbaijan Realities

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 949
avatar

Oxşar yazılar