Bakıda Azərbaycan xalqının milli bayramı - Novruz münasibətilə ümumxalq şənliyi keçirilib.
Lent.az-ın AzərTac-a istinadən məlumatına görə, prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da Novruz şənliyində iştirak ediblər.
Dövlət başçısı və xanımı əvvəlcə Qız qalasının qarşısındakı meydana gəliblər.
Şənlikdə milli geyimli uşaqlar meydanda rəqs nümayiş ediblər. Bahar qız dövlət başçısına səməni təqdim edib. Daha sonra prezident İlham Əliyev Novruz tonqalını alovlandırıb. Dövlət başçısı bayram şənliyində nitq söyləyib. Sonra prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Dənizkənarı Milli Parka gəliblər. Dövlət başçısını və xanımını Novruz bayramının əsas personajları olan Kosa və Keçəl qarşılayıb. Kosa və Keçəl Prezidenti və xanımını bayram münasibətilə təbrik etdilər, dövlət başçısı ilə yumurta döyüşdürüblər.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bayram konsertinə baxdıqdan sonra “Novruz” yarmarkası ilə tanış olublar.