Prezident İlham Əliyevin Qətər səfəri başa çatıb.
Lent.az-ın AzərTac-a istinadən məlumatına görə, dövlət başçısının Qətər Dövlətinə rəsmi səfəri fevralın 27-də başa çatıb.
***
14:07
Prezident İlham Əliyev Qətərdə rəsmi səfərdədir.
Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, səfər çərçivəsində fevralın 27-də prezident İlham Əliyevin və Qətər Dövlətinin Əmiri Əlahəzrət Şeyx Təmim bin Həməd Al Taninin əvvəlcə təkbətək görüşü olub.
Təkbətək görüşdən sonra dövlət başçısı və Qətər Dövlətinin Əmiri Əlahəzrət Şeyx Təmim bin Həməd Al Tanini geniş tərkibdə görüş keçiriblər.
Görüş zamanı prezident İlham Əliyevin və Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Taninin iştirakı ilə Azərbaycan-Qətər sənədlərinin imzalanması mərasimi olub.
Bildirək ki, “Azərbaycan Respublikası Hökuməti və Qətər Dövləti Hökuməti arasında gənclər və idman sahələrində əməkdaşlıq haqqında” Anlaşma Memorandumunu Qətərin mədəniyyət və idman naziri Salah bin Qanem bin Nasser Al Ali və Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov imzalayıblar.
“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC və Qətər Limanları İdarəetmə Şirkəti “MWANİ Qatar” arasında” Anlaşma Memorandumunu və “Azərbaycan Respublikası Mülki Aviasiya Administrasiyası və Qətər Dövləti Mülki Aviasiya Administrasiyası arasında” Anlaşma Memorandumunu Qətərin nəqliyyat və rabitə naziri Cassem bin Saif Al Sulaiti və Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev imzalayıblar.
Bundan başqa, “Azərbaycan Respublikası Hökuməti və Qətər Dövləti Hökuməti arasında hava daşımalarına dair” Sazişə əlavə Protokolu Qətərin nəqliyyat və rabitə naziri Cassem bin Saif Al Sulaiti və Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov imzalayıblar.
İmzalanma mərasimində həmçinin “Azərbaycan Respublikası Hökuməti və Qətər Dövləti Hökuməti arasında kökü kəsilmək təhlükəsi qarşısında olan vəhşi təbiətin qorunması və onun təbii mühitinin mühafizəsi sahəsində əməkdaşlığa dair” Anlaşma Memorandumunu Qətərin bələdiyyə və ekologiya naziri Mohamed bin Abdullah Al Rumaihi və Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov imzalayıb.