Azərbaycan prezidenti İlham Əliyev martın 14-də Parisdə Fransanın Milli Assambleyasının sədri Klod Bartolon ilə görüşü olub.
Lent.az-ın xəbərinə görə, bu barədə prezidentin mətbuat xidmətinin məlumatında bildirilir.
Dövlət başçısı və Milli Assambleyanın sədri fəxri qarovul dəstəsinin qarşısından keçdikdən sonra birgə foto çəkdirdilər.
Klod Bartolon ölkələrimiz arasında əməkdaşlığın inkişaf etdiyini, belə səfərlərin ikitərəfli əlaqələrə töhfə verdiyini bildirib. Azərbaycan ilə Fransa arasında enerji sahəsində yaxşı əməkdaşlığın olduğunu deyən Klod Bartolon fransız şirkətlərinin Azərbaycanda müxtəlif sahələrdə çox yaxşı fəaliyyət göstərdiklərini vurğulayıb. Milli Assambleyanın sədri Fransanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə çalışdığını qeyd edib.
Prezident İlham Əliyev hər iki ölkənin parlamentlərində dostluq qruplarının fəaliyyətinin məmnunluq doğurduğunu, bunun ikitərəfli əlaqələrin inkişafına töhfə verdiyini bildirib. Fransaya rəsmi səfəri çərçivəsində mühüm sənədlərin imzalanacağını deyən prezident İlham Əliyev MEDEF-in üzvləri ilə keçirdiyi görüşün səmərəli olduğunu, müxtəlif sahələrdə, o cümlədən nəqliyyat, kənd təsərrüfatı, infrastruktur, kosmik sənaye sahələrində əməkdaşlıqla bağlı faydalı müzakirələrin aparıldığını xatırladıb. Fransız şirkətlərinin Azərbaycan ilə səmərəli əlaqələr qurduğunu deyən dövlətimizin başçısı Azərbaycanın da Fransa ilə bir çox sahələrdə yaxşı əməkdaşlıq etdiyini söyləyib. Dövlət başçısı Azərbaycanın “Cənub Qaz Dəhlizi” layihəsinin həyata keçirilməsi üçün səylə çalışdığını diqqətə çatdırıb.
Prezident İlham Əliyev Azərbaycan ilə Fransa arasında mədəni sahədə də çox güclü əməkdaşlığın olduğunu, Azərbaycanda Fransız Liseyinin və Universitetinin fəaliyyət göstərdiyini qeyd edib. Dövlət başçısı Azərbaycanın 10-dan artıq regionunun Fransa regionları ilə qardaşlaşdığını vurğulayıb.
Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ətraflı məlumat verən Azərbaycan prezidenti münaqişə nəticəsində bir milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkünə çevrildiyini diqqətə çatdırdı. İyirmi beş ildir ki, ATƏT-in Minsk qrupunun həmsədrlərinin münaqişənin həlli ilə bağlı səylərinin nəticəsiz qaldığını deyən prezident İlham Əliyev qurumun həmsədri kimi Fransanın münaqişənin həllində daha fəal olacağına əminliyini ifadə edib.
Dövlət başçısı İlham Əliyev Fransa Milli Assambleyasının sədri Klod Bartolonu Azərbaycana səfərə dəvət edib.