“Macarıstanla ikitərəfli münasibətlər uğurla inkişaf edir və əlaqələrimiz qarşılıqlı etimada söykənir”. Lent.az-ın məlumatına görə, bunu baş nazir Viktor Orbanla görüşdə Azərbaycan prezidenti İlham Əliyev bildirib.
Ölkələrimiz arasında güclü siyasi əlaqələrin olduğunu deyən prezident İlham Əliyev iqtisadi sahədə də münasibətlərin uğurla inkişaf etdiyini, ticarət dövriyyəsinin artdığını və iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün böyük perspektivlərin mövcudluğunu vurğulayıb: “İmzalanacaq sənədlər ikitərəfli əməkdaşlığın daha da möhkəmləndirilməsi üçün yaxşı hüquqi baza yaradır”.
Söhbət zamanı əlaqələrimizin yeni imkanlarının nəzərdən keçirilməsinin önəmi vurğulandı, birgə hökumətlərarası komissiyanın fəaliyyətinin bu baxımdan əhəmiyyəti qeyd edildi.
Azərbaycanla Macarıstan arasında enerji, təhsil, humanitar, əczaçılıq, investisiya qoyuluşu və digər sahələrdə əməkdaşlığın perspektivlərinin müəyyən edilməsinin vacibliyi diqqətə çatdırılıb. Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, həmçinin Avropa İttifaqı çərçivəsində əməkdaşlıq, regional və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.