Prezident İlham Əliyev bu gün Avropa Komissiyasının enerji məsələləri üzrə vitse-prezidenti Maroş Şevçoviçin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Lent.az-ın AzərTAc-a istinadən verdiyi xəbərə görə, Maroş Şevçoviç Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələrin xüsusi əhəmiyyət daşıdığını vurğulayaraq, bu əlaqələrin daha da genişləndirilməsində maraqlı olduğunu deyib. Ölkəmizlə enerji sahəsində əməkdaşlığın önəmini qeyd edən Maroş Şevçoviç “Cənub” qaz dəhlizi layihəsi ilə bağlı qəbul edilən qərarın strateji əhəmiyyət daşıdığını da söyləyib.
Maroş Şevçoviçi Avropa Komissiyasının enerji məsələləri üzrə vitse-prezidenti vəzifəsinə təyin olunması münasibətilə təbrik edən dövlət başçısı qısa müddət sonra onun Azərbaycana səfər etməsini əlaqələrimizin yaxşı göstəricisi kimi dəyərləndirib. Enerji sektorunda əməkdaşlığın uğurla inkişaf etdiyini vurğulayan prezident İlham Əliyev ölkəmizlə Avropa təsisatları arasında əlaqələrin fəal və dinamik şəkildə davam etməsindən məmnunluğunu bildirib.
Avropa Komissiyasının və Avropa İttifaqı Şurası prezidentlərinin Azərbaycana səfərlərinə toxunan dövlət başçısı əməkdaşlığımızın genişləndirilməsində yüksək səviyyəli səfərlərin önəmini qeyd edib. Azərbaycan ilə Avropa İttifaqı arasında artıq çərçivə Sazişinin və enerji sahəsində strateji tərəfdaşlıq haqqında Anlaşma Memorandumunun mövcud olduğunu deyən prezident İlham Əliyev “Cənub” qaz dəhlizi ilə bağlı çoxlu işlər görüldüyünü vurğulayıb.
Bu layihəni əməkdaşlığın yeni formatı kimi dəyərləndirən prezident İlham Əliyev onun vaxtında icra edilməsi üçün səmərəli əlaqələndirmənin olmasının vacibliyini də qeyd edib.