Prezident: "Heç bir xarici qüvvə bizim iradəmizə təsir edə bilməz"
24 sentyabr 2014 02:11 (UTC +04:00)

Prezident: "Heç bir xarici qüvvə bizim iradəmizə təsir edə bilməz"

“Artıq üçüncü regional inkişaf proqramı icra edilir. İki proqram artıq icra edilib. Üçüncü proqram başlayıb və 2018-ci ilə qədər o da başa çatmalıdır. Ümid edirəm ki, o vaxta qədər rayonda bir dənə də olsun sosial infrastruktur problemi qalmayacaq. Hər halda bu, bizim istəyimizdir”. Lent.az-ın verdiyi xəbərə görə, bu sözləri Azərbaycan prezidenti İlham Əliyev  sentyabrın 22-də əsaslı yenidənqurmadan sonra İsmayıllı Rayon Mərkəzi Xəstəxanasında yaradılan şəraitlə  tanışlıqdan sonra tibb ocağının kollektivi və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə deyib.  

 

Dövlət başçısı gələcək illərdə rayonun inkişafı ilə bağlı əlavə tədbirlərin görüləcəyini qeyd edib.

 

“Bu günlərdə biz “Əsrin müqaviləsi”nin 20-ci ildönümünü təntənəli şəkildə qeyd etdik və XXI əsrin kontraktına start verdik. Bax, deyə bilərəm ki, bugünkü inkişaf və hətta bu gözəl xəstəxana məhz o illərdə qəbul edilmiş müdrik qərarlardan sonra mümkün olub. Çünki əgər o vaxt ulu öndər Heydər Əliyev o tarixi addımı atmasaydı, bizim maddi imkanımız o qədər də böyük olmazdı, iqtisadi təhlükəsizliyimizi təmin edə bilməzdik, istər-istəməz asılı vəziyyətdə ola bilərdik”, deyə prezident İlham Əliyev vurğulayıb.

Dövlət başçısının sözlərinə görə, bu gün Azərbaycan dünya miqyasında öz sözünü deyən ölkədir: “Bizim siyasi iradəmiz ən yüksək kürsülərdə özünü göstərir. Heç bir xarici qüvvə bizim iradəmizə təsir edə bilməz. Bunun səbəblərindən biri bizim iqtisadi gücümüz və iqtisadi müstəqilliyimizdir. Əlbəttə, iqtidarın siyasi iradəsi kifayət qədər möhkəmdir. Xalq ilə iqtidar arasındakı birlik əsas şərtdir. Yəni, bu, bizim müstəqil həyatımızı şərtləndirən əsas amildir. Eyni zamanda, iqtisadi müstəqilliyimiz. “Əsrin kontraktı”nın bəhrəsini hər bir vətəndaş görür - abadlaşan şəhərlərdə, tikilən binalarda, salınan yollarda, artan maaşlarda və vaxtilə tikilmiş, indi təmir olunan belə gözəl xəstəxanalarda”.

 

Prezident İlham Əliyev növbəti tarixi layihənin - “Cənub” qaz dəhlizinin təməlinin iki gün bundan əvvəl təntənəli şəkildə qoyulduğunu da xüsusi qeyd edib: “Bilirsiniz ki, çoxlu qonaqlar var idi və bu layihə Azərbaycana əlavə imkanlar gətirəcək. Biz öz siyasətimizi ardıcıl şəkildə aparırıq. Azərbaycan xalqının xoşbəxt gələcəyini təmin edirik. Hər bir rayonda, hər bir kənddə əgər bütün problemlər həll olunarsa, onda ölkədə problem qalmayacaq. Hər halda biz buna çalışmalıyıq və əminəm ki, İsmayıllı rayonu qısa müddət ərzində ölkədə ən qabaqcıl rayonlardan birinə çevriləcək. Mən də çalışacağam ki, sizinlə bərabər bu məqsədə nail olaq”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 737
avatar

Oxşar yazılar