Prezident İlham Əliyev: <span style="color:red;">"Biz adada yaşamırıq"
17 oktyabr 2014 11:30 (UTC +04:00)

Prezident İlham Əliyev: "Biz adada yaşamırıq"

0
“Azərbaycanın enerji təhlükəsizliyi təmin olunub. Biz qonşularımızın da enerji təhlükəsizliyini təmin edirik”. Lent.az-ın məlumatına görə, bunu prezident İlham Əliyev Düşənbədə ona Tacikistan Milli Universitetinin Fəxri Doktoru diplomunun təntənəli təqdim edilməsi mərasimində çıxışı zamanı bildirib. O qeyd edib ki, təbii ehtiyatlara malik olan ölkələr bu cür ehtiyatlara malik olmayan bütün ölkələrə güzəştli qiymətlərlə, lazım olan vaxtda kömək etməlidirlər: “Çünki biz adada yaşamırıq, bir-birimizin əhatəsində yaşayırıq. Buna görə qonşularla yaxşı münasibətlər olmalıdır. Biz buna çalışırıq və gücümüz daxilində kömək edirik. Əgər bizə kömək lazım olsa, biz də qonşularımızdan kömək gözləyirik və adekvat münasibət görürük. Buna görə gələcəkdə enerji təhlükəsizliyi ölkələrin inkişafının, iqtisadi inkişafın daha mühüm amili olacaq və siyasi təhlükəsizliyi təmin edəcək”.
 
Dövlət başçısının sözlərinə görə, Azərbaycan hakimiyyətinin məqsədi Azərbaycanı, öz əhalisini əsas ərzaq məhsulları ilə 100 faiz təmin etmək idi: “Ona görə ki, ərazimiz o qədər böyük olmasa da, biz praktiki olaraq bütün kənd təsərrüfatı bitkilərini yetişdiririk. Buna görə istehsalın artırılması və özünütəminetmə bizim əsas məqsədlərimizdən biridir. Biz artıq buna yaxınıq və kənd təsərrüfatı məhsullarının, inşaat materiallarının və digər malların artıq ixracatçısına çevrilmişik. Şübhəsiz, nəqliyyat təhlükəsizliyi də yüksək səviyyədə təmin edilməlidir. Bizim coğrafi mövqeyimiz əlverişlidir. Allah bizə gözəl torpaq, yaxşı iqlim, mənzərəli təbiət bəxş edib və yerləşdiyimiz məkan birbaşa Avropa ilə Asiyanın arasındadır. Tarixi İpək Yolu bizim ərazimizdən keçirdi. Biz bu tarixi İpək Yolunu müasir infrastrukturla bərpa edirik. Bu gün biz ölkəmizin nəqliyyat təhlükəsizliyini təmin edəcək, Azərbaycanı Şimal və Cənub qonşularımız üçün tranzit ölkəyə çevirəcək Şimal-Cənub layihəsində fəal iştirak edir, həmçinin Şərq-Qərb layihəsinə, Böyük İpək Yoluna fəal sərmayə yatırırıq. Keçən ay biz Xəzər dənizində ən iri – yükaşırma qabiliyyəti 25 milyon ton olan limanın birinci xəttini istifadəyə vermişik. Birinci xətt istifadəyə verilib, iki ildən sonra limanın tikintisi tamamilə başa çatdırılacaq. Gələn il Azərbaycanı, Gürcüstanı və Türkiyəni birləşdirəcək, beləliklə, Asiya ilə Avropanı əlaqələndirəcək dəmir yolunun tikintisi başa çatacaq”
 
Prezident bildirib ki, çox ölkələr əhalinin sayının azalması ilə bağlı problemlərlə üzləşir. “Bu, təbii prosesdir. Çünki doğum göstəricisi azalır. Həmçinin bəzi ölkələr, o cümlədən bizim qonşuluğumuzdakı ölkələr miqrasiya ilə bağlı problemlərlə üzləşir. Yəni, əhali ölkəni daim tərk edir və bu, əlbəttə, böyük problemlər yaradır, gələcəkdə də yaradacaqdır. Bizim ölkələr məhz bu mənada müsbət dinamikaya malikdirlər və bu, ölkələrimizi yalnız möhkəmləndirəcək və xalqlarımız üçün yeni imkanlar yaradacaq. Əlbəttə, mən Azərbaycan haqqında çox danışa bilərəm, çünki bizim son illərdə gördüyümüz işləri bir qısa mühazirədə əhatə etmək çətindir. Bu gün ali məktəbdə olduğumdan, sonda onu da demək istərdim ki, biz təhsil sahəsində də çox iş görürük. Ona görə ki, bu, gələcək inkişafın əsasıdır”.
 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1626

Oxşar yazılar