Prezident İlham Əliyev Daxili İşlər Nazirliyinin müxtəlif qurumları, o cümlədən yol polisi əməkdaşları üçün yeni alınan və müasir avadanlıqla təchiz edilən avtomobillərin istifadəyə verilməsi mərasimində iştirak edib. Lent.az-ın məlumatına görə, nazir, general-polkovnik Ramil Usubov Silahlı Qüvvələrin Ali Baş Komandanı, prezident İlham Əliyevə raport verib.
Qeyd edilib ki, saxlanılan şəxslərin daşınması üçün “Mercedes” markalı 20 mikroavtobus alınıb. Prezident İlham Əliyev mikroavtobuslarla da tanış olub.
Daxili İşlər Nazirliyi orqanlarında maddi-texniki təchizatın yaxşılaşdırılması ilə bağlı xeyli iş görülüb, yeni texniki vasitələrin alınmasına başlanıb. Post-patrul, növbətçi hissə və çevik polis alayı, o cümlədən yol polisi əməkdaşları üçün yeni alınan “Fiat Doblo” və “BMW” markalı avtomobillər bu sırada mühüm yer tutur.
Ümumilikdə yol polisi əməkdaşları üçün 400, digər qurumların əməkdaşları üçün isə 300 avtomobil alınıb. Avtomobillərin hər biri yeni və müasir avadanlıqla təchiz edilib, e-patrol sistemi quraşdırılıb. Sistem yol-patrul xidməti (YPX) avtomobilinin həm dayandığı, həm də hərəkət etdiyi hallarda fəaliyyət göstərir. Sistemin üzərində nömrəoxuma, ümumi müşahidə kameraları, gecə görüntüsü üçün 30 metr mənzili olan “infrared” işıqlandırma sistemi və GPS modulu quraşdırılıb.