Bu gün Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə Azərbaycanın Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğlu ilə görüş keçirib. APA TV-nin xəbərinə görə, görüşdə QMİ sədri Polad Bülbüloğlunu 70 illik yubileyi münasibətilə təbrik edib:
"Polad müəllimlə ayrı-ayrı sahələrdə fəaliyyət göstərsək də, həmişə görüşüb məsləhətləşmişik, fikir mübadiləsi aparmışıq. Bu Sovet dövründə də belə olub. Dövr dəyişir, zəmanə dəyişir, vəzifə dəyişir, amma Polad müəllim dəyişmir. O, həmişə Vətəninə, dövlətinə sədaqətli olub".
Bütün Qafqazın şeyxi yubilyara "Qurani-Kərim" və digər hədiyyələri təqdim edib.
Polad Bülbüloğlu isə qeyd edib ki, bu, onun üçün böyük xoşbəxtlikdir:
"Mən bu günü ömrümün sonuna kimi yadımda saxlayacağam. Mənə verilən Qurana əl basıb deyirəm ki, xalqımın inkişafı üçün, Qarabağın qayıtması üçün əlimdən gələni edəcəyəm!"
Görüşdə iştirak edən digər dini icma rəhbərləri xalq artisti Polad Bülbüloğlunun hələ uzun illər öncə Azərbaycanda və postsovet ölkələrində sevildiyini, daha sonra onun nazir və səfir kimi öz ölkəsi üçün böyük xidmətlər göstərdiyini deyiblər. Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşein Polad Bülbüloğlunu qızıldan olan "Apostol Varfolomey" medalı ilə təltif edib. Avropa Yəhudiləri İcmasının sədri Gennadiy Zelmanoviç isə yubilyara yəhudilərin dini simvolu olan şamdan - "Menora" hədiyyə edib.