BAXCP sədri İrandakı etirazların səbəblərini açıqlayıb
İranda baş verənlər əsasən son illər ərzində bu ölkənin iqtisadiyyatında geriləmənin doğurduğu sosial problemlərlə bağlıdır. Son illər ərzində İranda Ümumi Daxili Məhsulun (ÜDM) həcmi təqribən iki dəfəyədək azalıb. 700 milyard ABŞ dollarından 380 milyard dollara düşüb. Bu da sözsüz ki, insanların gəlirlərinin azalmasına, sosial vəziyyətin ağırlaşmasına səbəb olub. Baş verən etirazların əsas səbəbləri bundan ibarətdir.
APA-nın xəbərlərinə görə, bu sözləri Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinə açıqlamasında deyib.
BAXCP sədri qeyd edib ki, korrupsiya,insan haqları və qanunun aliliyi kimi problemlər də aksiyaların digər səbəbləridir: “İran prezidenti bəyan etdi ki, insanların etiraz etmək haqqı var, amma sözsüz ki ,bu etiraz dinc xarakterli olmalıdır. Hesab edirəm ki, bu, baş verənlərin müsbət tərəfidir. Etirazlar zamanı çoxsaylı insan tələfatının olması, aksiyaların zorakılıqla müşayiət olunması isə təəssüf doğurur. Əlbətdə, bu zorakılıqların arxasında dayanan qüvvələrin kimliyi ciddi və obyektiv şəkildə araşdırılmalıdır. Zorakılıqların aksiya iştirakçıları tərəfindən törədildiyi, yaxud bu aksiyaları gözdən salmaqla repressiyalar üçün bəhanə əldə etməyə çalışan dövlət strukturları və ya hakimiyyətdaxili qruplar tərəfindən təşkil edildiyi, yəni günahkarların kimliyi ortaya çıxarılmalıdır. Bununla yanaşı, hər bir halda düşünürəm ki, bu hadisələr İran hökumətini ciddi islahatlar aparmağa sövq etməlidir. Əgər bu islahatlar aparılmasa İranda daha kütləvi və ciddi siyasi nəticələr doğuracaq hadisələrin baş verməsi qaçılmaz olacaq”.
Qüdrət Həsənquliyev bildirib ki, bizi qonşumuzda baş verən hadisələr düşündürməlidir və düşündürür də: “Azərbaycan xalqı və dövləti maraqlıdır ki, qonşuları sivil dövlətlər olsunlar, rifah içərisində, problemsiz yaşasınlar. Bu ölkələrdə qanunun aliliyi, azadlıqlar təmin olunsun, demokratik ənənələr formalaşsın. Amma İranda baş verənlər Azərbaycan xalqı üçün ona görə xüsusi əhəmiyyət kəsb edir ki, bu ölkənin sərhədləri daxilində, öz tarixi ata-baba torpaqlarında bizim 30 milyondan artıq soydaşımız yaşayır. Onlar öz Vətənlərində - Cənubi Azərbaycanda yaşayırlar. Cənubi Azərbaycan da bu gün İran dövlətinin tərkibindədir. İranda aksiyaların baş verdiyi zaman kəsiyində, bayram günlərində mətbuatda müxtəlif yanaşmaların şahidi oldum. Bəziləri bildirirdilər ki, biz İranda baş verən hər hansı bir prosesə qarışmamalıyıq və ya biz ancaq müstəqillik hərəkatına qoşula, yaxud başlada bilərik. Bəziləri fikirləşir ki, bu etirazların Cənubi Azərbaycanda yaşayan soydaşlarımıza heç bir aidiyyatı yoxdur, onlar sadəcə bu prosesləri kənardan müşahidə etməlidirlər və s. Belə yanaşmaların kökündən yanlış olduğunu düşünürəm. Mənim üçün siyasət mövcud reallıqlar nəzərə alınmaqla onun dəyişdirilməsi uğrunda mübarizədir. Eyni zamanda siyasət mümkün olanı əldə etmək bacarığıdır. Bu baxımdan, İrandakı azərbaycanlılar mövcud reallıqlar çərçivəsində nəyi əldə edə bilərlərsə onun uğrunda mübarizə apramalıdırlar. Onlar da bu gün İran vətəndaşları kimi çalışmalıdırlar ki, ölkədə demokratiya olsun, qanunun aliliyi təmin edilsin, bəşəri, dünyəvi dəyərlər bərqarar olsun. Belə olacaqları təqdirdə insanlar milli, təbii hüquqlardan istifadə edəcəklər, yəni öz ana dillərində təhsil almaq, oxumaq, yazmaq, milli mədəniyyətlərini inkişaf etdirmək hüquqları qazanacaqlar. Bunun ardınca isə artıq siyasi hüquqların əldə edilməsi gəlir.
Bir qrup insanlar düşünür ki, Güney Azərbaycanda yaşayan soydaşlarımız yalnız siyasi müstəqillik uğrunda mübarizə aparmalıdırlar. Belə yanaşmaları ziyanlı hesab edirəm. Bəziləri isə bildirirlər ki, azərbaycanlılar yalnız İranın tərkibində öz hüquqlarının təmin olunması uğrunda mübarizə ilə kifayətlənməlidirlər. Hesab edirəm ki, Cənubi Azərbaycanlılar daha çox demokratik prosesin inkişafına dəstək verməlidirlər. Bu prosesin gedişində nəyi əldə etmək mümkündürsə onu da reallığa çevirsinlər. Yəni İran konstitusiyasına uyğun olaraq azərbaycanlıların öz dillərində məktəblər, universitetlər açmaları, öz mədəniyyətlərini, müsuqilərini inkişaf etdirmələri mümkün olacaqsa, deməli bunu əldə etmək lazımdır. Əgər növbəti mərhələdə bundan da irəli getmək, bir toplum olaraq müəyyən siyasi instisuonal hüquqların əldə edilməsi imkanları olacaqsa, məsələn Cənubi Azərbaycanda azərbaycanlıların muxtar dövlətinin qurulması , o zaman buna nail olmaq lazımdır”.
BAXCP sədri bildirtib ki, sosial inkişaf səviyyəsinə görə İranda farslar daha üstün mövqedədirlər: “Biz bunu utanmadan və çəkinmədən söyləməliyik. Düşünürəm ki, Cənubi Azərbaycanlılar demokratik azadlıqlara , vərdişlərə, ənənələrə farslarla birlikdə yiyələnməlidirlər. Belə vərdişlər və ənənələr olmadan əldə olunan böyük nailiyyətlər bəzən o xalqlara xoşbəxtlik də gətirmir. Məsələn, hansısa radikal səylər, parçalanmalar sayəsində yaran yeni dövlətlərdəki siyasi rejim hətta farsların formalaşdırdığı mövcud rejimdən daha amansız və sərt olacaqsa, mən heç bir azərbaycanlıya bunu arzulamıram. Bizim kənardan məsləhət verməyimiz də doğru deyil, amma mənim qənaətimə görə azərbaycanlılar öz hüquqları uğrunda mübarizə aparmalıdırlar, siyasi baxımdan təşkilatlanmalıdırlar. Hər bir imkandan çalışmalıdırlar ki, faydalansınlar. Yoxsa oturub gözləyəcəyəm ki, nə zaman əlverişli beynəlxalq şərait yaranacaq, yaxud İranın daxilində proseslər o istiqamətdə inkişaf edəcək ki, ayağa qalxıb öz müstəqil dövlətimi quracağam – məsələyə bundan cəfəng və səviyyəsiz yanaşma təsəvvür edə bilmirəm. Ona görə də hesab edirəm ki, azərbaycanlılar dinc mübarizə metodlarına üstünlük verməlidirlər, zorakılıqdan yayınmalıdırlar. Məsələn, Təbrizdə, yaxud hər hansı başqa bir şəhərdə aksiya keçirilərsə və bu aksiya zamanı dövlət obyektləri, yaxud hər hansı bir iş adamının müəssisəsi, əmlakı yandırılırsa, bu topluma, xalqa, ölkəyə nə verə bilər? Bu, iqtisadiyyata ziyan vuracaq və insanların sosial vəziyyətini bir az da ağırlaşdırmış olacaq. Bu baxımdan da hesab edirəm ki, azərbaycanlılar yüksək mədəniyyətlə, dinc yolla digər xalqlarla birlikdə öz hüquqları uğrunda mübarizə aparmalıdırlar. Biz Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası olaraq, inqilabları Azərbaycan üçün rəva bilmiriksə, başqaları üçün də, o cümlədən xalqımızın digər hissəsi üçün də rəva bilməməliyik. Çalışmalıyıq ki, hər şey təkamül yolu ilə inkişaf eləsin. Hakimiyyətə təzyiq və hakimiyyətdən tələb yolu ilə oradakı azadlıqlar genişləndirilsin və nəhayət azərbaycanlılar da sonda öz milli hüquqlarını əldə edə bilsinlər.
Gələcəkdə iki sivil və uzun müddət birgə yaşamış xalqlar kimi azərbaycanlılar və farslar çexlər və slovaklar kimi mədəni formada ayrıla da, yaxud konfederativ dövlət də qura bilərlər, bir federasiya tərkibində də ola bilərlər. Məsələn,yaxın gələcəkdə Azərbaycan türkcəsi İranda dövlət dillərindən biri olmalıdır. Farslar azərbaycalıların milli kimliyinə və dilinə hörmətlə yanaşmalıdırlar. Sayca onlardan az olmayan xalqla fərqli davranış birgəyaşayışı mümkünsüz edəcəkdir. İranda azərbaycanlılar və farslarla yanaşı başqa xalqlar da yaşayır. Gələcəkdə bu xalqlar konfederativ, yaxud federativ əsasda birliklərini qoruyub saxlayacaqlar və ya öz dövlətlərini quracaqlar. Bu artıq gələcəyin və həmin xalqların işidir. Bir partiya olaraq biz İranın ərazi bütövlüyünü tanıyırıq. Amma ona da inanırıq ki,bütün parçalanmış xalqlar kimi azərbaycanlıların da birləşmək haqqı var. Çalışmalıyıq ki, bu hüququmuzu dünya birliyi və farslar da tanısın. Son olaraq, bir məqamı da xüsusi qeyd etmək istəyirəm: Dünya qloballaşır, İran bir çox beynəlxalq sənədlərə imza atıb və beynəlxalq hüququn subyekti kimi insan haqları ilə bağlı üzərinə öhdəliklər götürüb. Buna görə də insan haqları və azadlıqları artıq heç bir dövlətin daxili işi deyil. Bu səbəbdən, biz də cənubi azərbaycanlıların hüquqlarının qorunması üçün əlimizdən gələni eləməliyik. Çalışmalıyıq ki, onları repressiyalardan qoruyaq, səslərini dünyaya çatdıraq. Amma yenə də bildirirəm ki, son sözü orada yaşayan azərbaycanlılar deməlidir”.