“Xarizmatik lider olan İlham Əliyev ölkəsinin maraqlarını ali tutaraq balanslaşdırılmış siyasət aparır”
Pakistanın aparıcı və ən nüfuzlu ingilisdilli qəzeti olan “Daily Times”-ın dekabrın 24-də işıq üzü görən sayında tanınmış jurnalist, Maliha Maham Zamirin Azərbaycan Prezidenti İlham Əliyevin fəaliyyətinə həsr edilmiş “Azərbaycanın uzaqgörən lideri ” adlı məqaləsi dərc edilib.
Azərbaycanın Pakistandakı səfirliyindən Lent.az-a verilən məlumata görə, “20 il bundan qabaq erməni işğalı və 1 milyon qaçqın və məcburi köçkün axını ilə üzləşən, iqtisadiyyatı demək olar ki dağılmış vəziyyətdə olan Azərbaycanın bu günkü kimi inkişaf etmiş ölkəyə çevrilməsinə inanmaq olmazdı” sözləri ilə başlayan məqalədə qeyd edilir ki, yüksək savada malik və müasir siyasət və iqtisadiyyatı yaxından bilən lider İlham Əliyevin rəhbərliyi ilə bu gün Azərbaycan sürətlə inkişaf edir.
Məqalədə Prezident İlham Əliyevin siyasi karyerasına toxunulur, ölkəmizin qısa bir zamanda əldə etdiyi iqtisadi uğurlardan, enerji strategiyasından, inşa edilmiş neft və qaz kəmərlərindən, tikilməkdə olan Bakı-Tbilisi-Qars dəmir yolu dəhlizindən söz açılır, Azərbaycanın dünyanın bir çox ölkələrinə çoxmilyardlıq investisiya qoyduğu nəzərə çatdırılır. Maliha Maham Zamir neft gəlirlərinin Dövlət Neft Fondunda cəmləşdiyini və qeyri-neft sektorunun inkişafına istiqamətləndiyini, təkcə cari ildə bu sektorda 10 faizdən çox artım qeydə alındığını yazır. Müəllif yazır ki, Azərbaycanda sənaye, kənd təsərrüfatı, turizm, mədəniyyət və digər sahələr surətlə inkişaf edir. Maliha Maham Zamir “Eurovision”-2012 musiqi müsabiqəsinin Azərbaycanda keçirildiyini, dünyanın müxtəlif ölkələrindən gəlmiş minlərlə qonağın Bakının gözəlliyi və möhtəşəmliyindən valeh olduqlarını vurğulayır. İlham Əliyevin həm də Milli Olimpiya Komitəsinin Prezidenti vəzifəsini tutduğunu xatırladan Maliha Maham Zamir London Yay Olimpiya oyunlarında əldə edilmiş nəticələrdən, ölkəmizdə 17 yaşlı qızlar arasında keçirilmiş futbol üzrə dünya çempionatından da söz açıb, Avropanın ilk olimpiya oyunlarının da 2015-ci ildə Bakıda keçiriləcəyini qeyd edib.
Məqalədə prezident İlham Əliyevin Dağlıq Qarabağ məsələsinin həlli yolunda apardığı geniş miqyaslı işlərə toxunulub, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə məhəl qoymayan Ermənistanın işğalçılıq siyasətini davam etdirdiyi nəzərə çatdırılıb. Yazıda xarizmatik lider olan İlham Əliyevin ölkəsinin maraqlarını ali tutaraq balanslaşdırılmış siyasət apardığını vurğulanıb. Maliha Maham Zamir yazır ki, Avropa və Asiyanın qovşağında yerləşən Azərbaycan hər iki kontinentin siyasi-iqtisadi strukturlarına inteqrasiya olub. O, Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi faktını prezidenti İlham Əliyevin apardığı xarici siyasətinin kulminasiya nöqtəsi adlandırıb. Məqalədə prezident İlham Əliyevin islam dəyərlərinin inkişafı yolunda apardığı işlər, inşa edilmiş yüzlərlə məscid, ziyarətgahlar, təsis edilmiş dini təhsil ocaqlar barədə də məlumatlar əksini tapıb. Jurnalist yazısında prezident İlham Əliyevin Azərbaycan-Pakistan münasibətlərinin inkişaf etdirilməsinə böyük önəm verdiyini, iki ölkələrimiz arasında səmimi dostluq əlaqələrinin yüksək səviyyədə olduğunu qeyd edib.