Hazırda həbsxanada olan Azərbaycan Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlı prezident İlham Əliyevə müraciət edib.
Pənahlı ailəsinin “Qafqazinfo”ya təqdim etdiyi müraciətdə N, Pənahlı həbs olunmasından və üzləşdiyi çətinliklərdən yazıb.
O, müraciətində qeyd edib ki, bu gün Azərbaycanda illərlə gözlənilən siyasi şərait yaranıb: "Müharibə havasının əsməsi ilə minlərlə Azərbaycan övladının könüllü olaraq savaşa qatılmaq istəyi bir daha sübut etdi ki, bu xalq hər şeydən daha çox ana-bacılarımızın qisasını almaq, şəhidlərimizin qanını yerdə qoymamaq arzusu ilə yaşayır".
N. Pənahlı Qarabağda müharibə başlayacağı təqdirdə bütün cəmiyyəti, hətta ən qatı müxalifət nümayəndələrini belə Prezidentə dəstək olmağa çağırıb: " Əminəm ki, həqiqi mənada vətənini və millətini sevən hər bir kəs də mənim bu müraciətimi dəstəkləyəcək. Şəxsən mənə gəlincə isə Azərbaycan oğullarına qanlarımızı almaq fürsəti verərək xalqımızı bu şərəflə şərəfləndirəcəyiniz təqdirdə sizə hər şeyi, qanımı belə halal edirəm. Eyni zamanda 18 yaşı yenicə tamam olmuş, dörd gözlə müharibənin başlayacağı günü gözləyən böyük oğlumun da bu savaşa qatılmasından sadəcə bənzərsiz bir qürur hissi duyacağımı diqqətinizə çatdırmaq istəyirəm".