“Zorakılıq və kövrək durum inkişafa qarşı ən böyük maneə olaraq qalmaqdadır”. Lent.az-ın məlumatına görə, bunu xarici işlər naziri Elmar Məmmədyarovun BMT-nin Baş Assambleyasının 69-cu Sessiyasının ümumi müzakirələrində çıxışı zamanı bildirib.
O qeyd edib ki, dünya birliyi hələ də beynəlxalq hüququn fundamental norma və prinsiplərinin ciddi şəkildə pozulması halları ilə üzləşir. “Xalqlar dünya boyunca dağıdıcı müharibələr, təcavüz, hərbi işğal və etnik təmizləmədən hələ də əziyyət çəkməkdə davam edirlər. İyirmi ildən artıq bir müddətdə qonşu Ermənistan Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı hərbi güc tətbiq edir. Ermənistan 20 faizə yaxın Azərbaycan ərazisini işğal edib, bir milyondan artıq azərbaycanlıya qarşı etnik təmizləmə həyata keçirmiş və bunun nəticəsində Ermənistanda və Azərbaycanın işğal edilmiş ərazilərində bir nəfər də olsun azərbaycanlı qalmayıb. İşğal edilmiş ərazilərdə və Ermənistanda Azərbaycanın bütün tarixi və mədəni abidələri dağıdılmaya
məruz qalıb. 1993-cü ildə BMT Təhlükəsizlik Şurası tərəfindən Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü və zor tətbiq edərək ərazi əldə edilməsinin qəbuledilməzliyini təsbit edən dörd qətnamə qəbul edib. Qətnamələr erməni işğalçı qoşunlarının Azərbaycanın bütün işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edir. Bundan əlavə, BMT-nin Baş məclisi, Qoşulmama hərəkatı, İslam əməkdaşlıq təşkilatı və çoxsaylı digər regional təşkilatlar Azərbaycanın suverenliyi, siyasi müstəqilliyi və ərazi bütövlüyünü dəstəkləyən və münaqişənin bu prinsiplər əsasında həllini tələb edən müxtəlif qərarlar qəbul ediblər”.
Nazir vurğulayıb ki, Ermənistan tərəfindən qeyd olunan qətnamələrə və beynəlxalq hüququn hamılıqla qəbul edilmiş norma və prinsiplərinə məhəl qoyulmur və Ermənistan Azərbaycan torpaqlarının hərbi işğalını davam etdirir.
“Ermənistan tərəfindən mütəmadi şəkildə atəşkəs rejiminin pozulması və Azərbaycanın dinc sakinlərinin məqsədyönlü şəkildə hücumlara məruz qoyulması nəticəsində cəbhə xətti yaxınlığında yaşanan sakinlərin ölümü və yaralanması halları baş verir. Bu yaxınlarda işğal edilmiş ərazilərdə öz qohumlarının məzarını ziyarət edən bir neçə mülki azərbaycanlı əsir götürülərək işgəncələrə məruz qoyulub, onların bəziləri hətta öldürülüb”.
E. Məmmədyarovun sözlərinə görə, məhz bu səbəbdən Azərbaycanın mülki əhalisinə qarşı törədilmiş cinayətlərə görə cəzasızlığın sona çatdırılmasında beynəlxalq birliyin daha aktiv mövqe nümayiş etdirməsi zəruridir. Cəzasızlığın qarşısının alınması davamlı sülhün və barışığın təmin edilməsi baxımından əhəmiyyətlidir. “Azərbaycan BMT nizamnaməsində, xüsusilə 51-ci maddədə təsbit olunmuş hüquqlarına xələl gətirmədən münaqişənin danışıqlar yolu ilə həllinin tərəfdarıdır. Ermənistan hökuməti dərk etməlidir ki, digər dövlətin ərazisinin işğal edilməsi həll yolu deyil və onun status-kvoya güvənməsi böyük yanlışlıqdır. Azərbaycan heç vaxt ərazi bütövlüyünü və işğal nəticəsində pozulmuş vətəndaşlarının hüquq və azadlıqlarını güzəştə getməyəcək”-deyə, xarici işlər naziri əlavə edib.
“Beynəlxalq ictimaiyyətin Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə birmənalı və davamlı dəstəyi ciddi amildir”-deyən Məmmədyarov onu da bildirib ki, bu Ermənistana onu aydın edir ki, işğal nəticəsində əldə edilmiş mövcud status-kvo heç vaxt qəbul edilməyəcək. “BMT nizamnaməsinin hərfini və ruhunu rəhbər tutaraq, Azərbaycanın ərazi bütövlüyünü dəstələdiyinə görə üzv dövlətlərə təşəkkür etmək istərdim. Beynəlxalq ictimaiyyət zor tətbiq edərək, beynəlxalq səviyyədə tanınmış sərhədlərin dəyişdirilməsi cəhdlərini qəbul etmir və etməyəcək. Dünya ikili standartları qəbul etməməlidir, əks təqdirdə, bu yanaşma bizi yenidən keçən əsrin qaranlıq dövrlərinə apara bilər.
Bu xüsusda, Ermənistanda Azərbaycana qarşı təcavüz və insanlığa qarşı cinayət törətmiş şəxslərin ədalət qarşısına çıxarılmasını və onlara qarşı sanksiyaların tətbiq edilməsinin vaxtı yetişib”.