Son zamanlar Müsavat Partiyasında bas verənlərlə bağlı partiyanın legitim olmayan rəhbərləri müxtəlif açıqlamalar verir. Çox təəssüf ki, Nizamnamədən xəbəri olan da, olmayan da açıq-aydın görünən pozuntuları ya malalamaq, ya da öz maraqlarına uyğun yozmaqla müsavatçılarda yanlış fikir formalaşdırırlar. Bir-birinə tam oxşar iki hadisəyə tamamilə fərqli yanaşma sərgilənir.
Gülağa Aslanlı partiyanın Ağsu rayon təşkilatının üzvləri olan Yolçuyevlərin təşkilat şöbəsinin müdiri Z.Məhərrəmovla telefon söhbətində istefa verdikləri barədə fikirlərini əsas götürərək, onların adlarını qurultay nümayəndələrinin siyahısından çıxarılmasını Nizamnaməyə uyğun hesab edir, lakin gənclər təşkilatının sədri Əhliman Əmiraslanlının öz Facebook səhifəsində partiyadan istefa verdiyi barədə bəyanatını şərh edərkən bildirir ki, partiyadan çıxmaq üçün rəsmi müraciət olunmalıdır.
MNTK sədri Sevinc Hüseynova bildirir ki, rayon (şəhər) təşkilatlarının seçkili orqanları Nizamnaməni pozduqları halda, MNTK-nın təqdimatı ilə buraxıla bilər. Digər hallar barədə isə heç nə göstərilmədiyindən, Məclis istədiyi qərarı verə bilər (görəsən, Nizamnamə pozulmayıbsa, təşkilat niyə buraxılmalıdır ki?!). Fraksiya yaradılması barədə səslənən təkliflərlə bağlı isə deyir ki, bu barədə Nizamnamədə heç nə yazılmayıb.
Yeri gəlmişkən, son vaxtlar bir çox dartışmalara səbəb olan fraksiya məsələsi barədə bugünkü naşı funksionerlərin açıqlamalarına bəlkə də fikir verməmək olardı. Amma Nizamnaməni yaxşı bilən, ləyaqətli mübarizə yolu keçmiş Mirbaba Babayevin bu məsələ barəsində birtərəfli rəyi məni bu mövzuya geniş toxunmağa vadar etdi. Bəli, Mirbaba bəy düz deyir ki, Nizamnamədə partiyada fraksiya yaradılması ilə bağlı heç bir maddə yoxdur. Amma Nizamnamə fraksiya yaradılmasını qadağan da etmir. Qadağan olunmayan şeyə isə icazə verilir. Bu, hələ Qədim Romadan üzü bəri hüququn qızıl prinsiplərindən biridir. Mirbaba bəyin “Fraksiya yaradılsa da, onun səlahiyyəti olmayacaq” fikri ilə də razı deyiləm. “Mərkəzi İcra Aparatının yaradılması Başqanın səlahiyyətinə aiddir” fikri iləsə razıyam. Mərkəzi İcra Aparatını Başqan yaradıb, Məclisin qəbul etdiyi təlimatla da fəaliyyət göstərir. Fraksiya da Məclisdə yaranar, təlimatla fəaliyyət göstərər. Narahatlığa əsas yoxdur, çünki Məclis bu qərarı qəbul etsə, yuxarıda dediyim səbəblərə görə Nizamnamə pozuntusuna yol verməyəcək. Sadəcə, vəziyyəti qəlizləşdirən başqa məsələ - Məclisin (eləcə də MNTK-nın və Divanın) qeyri-legitimliyi məsələsi var ki, əvvəlki açıqlamalarımda bu barədə geniş danışmışam. Amma bu boyda ciddi faktlara heç bir reaksiya verilmədi.
“Böyüdükcə Hikmət Hacızadə olmaq şansını Zöhrab Məhərrəmli olmağa qurban vermiş” (bu fikri mətbuatdan oxumuşam) Elman Fəttah Nizamnaməyə görə hansı hallarda növbədənkənar qurultayın çağırıla biləcəyini şərh etmək istəyərkən lap Gülağa Aslanlı sayaq açıqlama verir: “Növbədənkənar qurultay tələb edənlər tələblərini əsaslandıra bilsələr, onda qurultay cağırıla bilər”. Cənablar, Nizamnaməyə görə növbədənkənar qurultay çağırılmasını əsaslandırmağa ehtiyac yoxdur. Kifayət edər ki, müraciətdəki imzaların sayı tələb olunan qədər olsun.
P.S. Bu yaxınlarda qeyri-legitim MNTK bir-birini oxşar ifadələrlə söymüş iki nəfərin (ümumiyyətlə, bu dartışma şəxsi yazışmalar zəminində olduğuna görə heç MNTK-nın baxış predmeti ola bilməzdi) məsələsinə baxaraq, söyüşü birinci söyən Könül Turan Türkə xəbərdarlıq edib, ona həmin üslubda cavab verən Kamil Xəlilbəylini isə partiyadan çıxarıb. Bundan sonra həqiqətin tam üzə çıxması naminə bu söyüşlərin hansı ardıcıllıqla söyülməsini və “şifrəsini” açmaq zərurəti yarananda isə “ay zalım və müstəbid Şərq”, “ah, məzlum və məsum qadın” - deyə feminist ah-nalələr sosial şəbəkələri bürüdü. Amma heç kim demədi ki, bütün bu zəruri açıqlamaların baiskarı məhz səlahiyyətləri çərçivəsində hərəkət etməyən, üstəlik, qeyri-adekvat qərar qəbul edən MNTK oldu.
P.P.S. Partiyada söyüş marafonu isə yüksələn xətlə gedir. Bu dəfə Divan üzvü Nemət Kərimli Binəqədi müsavatçısı Arif Əzizzadəni nalayiq söyüşlərlə söyüb. Söyüşlər o qədər nalayiq olub ki, o, hətta qadınları zaldan çıxartmağa məcbur olub (ah, qoca Şərq, sən alicənab kişilərdən də xali deyilsənmiş). İndi Arif bəy MNTK-ya müraciət edib. MNTK çox güman, bu məsələyə baxmayacaq, baxsa da, yəqin ki, “daha çox günahı olana daha yüngül cəza” prinsipinə sadiq qalaraq Nemət Kərimliyə təşəkkür (axı o, birinci söyüb, həm də Könül xanımdan fərqli olaraq, elə söyüb ki, rəqib heç cavab da verə bilməyib), Arif bəyə isə xəbərdarlıq elan edəcək. Amma bunu da bilmək olmaz. Arif Əzizzadə Arif Hacılıya səs verdiyi üçün ola bilsin ki, onun və Divanıın şilləvuranı funksiyasını yerinə yetirən MNTK bu dəfə zərərçəkəni bağışlasın.