Müdrik rəhbər və siyasi lider
14 iyul 2016 15:32 (UTC +04:00)

Müdrik rəhbər və siyasi lider

 

Azərbaycan  dövlətçiliyinə, dövlətçiliyimizin inkişafına verilən əvəzolunmaz töhfələr Ulu öndər Heydər Əliyev şəxsiyyətində ən yüksək zirvəyə çatmışdır.  Heydər Əliyev bütövlükdə Türk Dünyasının böyük dövlət xadimi, eyni zamanda müasir dövrdəki dövlətçiliyin əsaslarını qoyanlardan biridir.  Onun zəngin dövlətçilik təcrübəsi bu gün bütün dünyada etiraf olunur, hörmətlə qarşılanır və yüksək qiymətləndirilir.

 

Azərbaycan Kommunist Partiyasının 1969-cu il 14 iyul tarixli plenumu respublika partiya təşkilatının birinci katibliyinə yekdilliklə seçilən Heydər Əliyev ölkəmizin müstəqil dövlətçilik ənənələrinin yeni müstəvidə inkişaf etdirilməsində, milli mənlik şüurunun oyanışında əvəzsiz xidmətlər göstərmişdir.  Ulu Öndər 1969-1970-ci illərdə keçirilən Azərbaycan KP MK-nın plenumlarında, fəallar yığıncaqlarında, toplantılarda və başqa yığıncaqlarda məruzələrində, çıxışlarında ardıcıl olaraq təsərrüfat və mədəni quruculuq məsələlərini təhlil edir, yeni vəzifələr qarşıya qoyurdu.

 

Həmin illər Azərbaycanın iqtisadi və ictimai-siyasi həyatında dönüş mərhələsi idi. Respublikamızın dinamik inkişafı üçün kompleks proqramların işlənib  hazırlanmasında Azərbaycan Kommunist Partiyası MK-nın birinci katibi Heydər Əliyevin yorulmaz fəaliyyəti, misilsiz təşəbbüskarlığı və böyük təşkilatçılığı bütün 1970-80-ci illərdə uğurların əsası oldu. Heydər Əliyevin qəti mövqeyi nəticəsində ermənilərin Azərbaycanın tarixi-etnik torpağı olan Dağlıq Qarabağa əsassız iddialarına qarşı müqavimət göstərildi, Azərbaycan torpaqlarının bir qarışı belə Ermənistana verilmədi .

 

1978-ci ildə Azərbaycan SSR-nin Konstitusiyasının qəbul edilməsi  Heydər Əliyevin uzaqgörən bir addımı idi. Onun təşəbbüsü ilə o dövrdəki Konstitusiyamızda Azərbaycan dili “dövlət dili” elan edildi. Bu, həmin dövrdə dövlətçiliyimizin bərpasına doğru atılan olduqca cəsarətli bir addım - dilimizin, milli dövlətçilik ənənələrimizin inkişaf etdirilməsinə Heydər Əliyev tərəfindən göstərilən əvəzsiz xidmət idi.

 

Heydər Əliyev Azərbaycan neftinin mərkəzə daşınmasında maraqlı olmadığından qeyri-neft sahələrinə başlıca diqqət yetirir, maliyyə vəsaiti ayırır, bununla da respublikanın regionlarının inkişaf etdirilməsinə, yeni iş yerlərinin açılmasına, azərbaycanlıların həyat şəraitinin yaxşılaşdırılmasına, əhalinin demoqrafik inkişafına rayonların və kəndlərin mədəni simasının dəyişdirilməsinə dair strateji niyyətlərini həyata keçirirdi. 70-ci illərdə Azərbaycanda pambıqçılığın və üzümçülüyün üstün inkişafının səbəblərindən biri də məhz bu amillərlə bağlı idi.

 

Eyni zamanda Heydər Əliyev qeyri-azərbaycanlıların hökmranlığına son qoymaq istiqamətində çalışır, DTK orqanlarının şəxsi heyətinin azərbaycanlılaşdırılmasına səy edir, yerli xalqın nümayəndələrini yerləşdirərək yüksək rütbələr verilməsinə nail olurdu. O, hakimiyyətə gələn kimi iqtisadi idarəçilikdə azərbaycanlıların mövqelərini möhkəmləndirdi, iqtisadiyyata rəhbərliyi onların nəzarətinə keçirdi. Bütün sovet dövründə azərbaycanlılar ilk dəfə olaraq Azərbaycanda məhz Heydər Əliyevin hakimiyyəti illərində iqtisadi həyatda hökmran mövqe tutdular. 80-ci illərinin əvvəllərində (1982-1987) Moskvaya yüksək vəzifəyə irəli çəkiləndən sonra da Heydər Əliyev Azərbaycanın milli dövlətçilik maraqlarını daha yüksək səviyyədə müdafiə etməyə başladı. Lakin Azərbaycanın Heydər Əliyevin məqsədyönlü siyasətinin altında olması Moskva üçün arzuedilən deyildi. 1985-ci ildə hakimiyyətə gələn dar düşüncəli, səriştəsi olmayan M.S. Qorbaçov tərəfindən qısqanclıqla qarşılanmağa başladı. Müxtəlif böhtanlarla onun nüfuzunu alçaltmaq üçün əməli fəaliyyətə keçildi. 1987-ci il oktyabr ayının 21-də keçirilən Sov. İKP MK Plenumunda  Heydər Əliyev “xəstəliyinə görə” vəzifəsindən azad edildi. Lakin bununla belə Heydər Əliyev siyasi fəaliyyətindən əl çəkmədi. Azərbaycan və SSRİ rəhbərliyinin mane olmasına baxmayaraq, Heydər Əliyev çətinliklə də olsa, 1990-cı ilin iyul ayının 20-də Bakıya qayıtdı. Buradan isə o, Naxçıvana getdi. Naxçıvanda xalq tərəfindən böyük sevgi ilə qarşılanan Heydər Əliyev həmin il Naxçıvan MR Ali Sovetinin deputatı seçildi. Bundan sonra yenidən bütün diqqətini Azərbaycanın milli dövlətçiliyinin bərpasına yönəldən Heydər Əliyevin tələbi ilə Naxçıvan  MR-nin adından “sovet sosialist” sözləri götürüldü. 1991-ci il sentyabr ayının 1-də Heydər Əliyev Naxçıvan MR Ali Sovetinin sədri seçildi. Bundan sonra Azərbaycanın dövlət müstəqilliyinin və milli dövlətçilik ənənələrinin bərpası uğrunda daha qətiyyətlə hərəkət edən Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycanın müstəqilliyinin mühüm atributlarından olan üçrəngli dövlət bayrağımız Naxçıvan Ali Məclisinin üzərində dalğalanmağa başladı. Blokada vəziyyətinə alınmış Naxçıvana Heydər Əliyevin gərgin zəhməti nəticəsində yardımlar edilirdi.  Nəhayət, Heydər Əliyevin tələbi ilə imperiya qoşunları Naxçıvanı tərk etməyə məcbur oldu. Bu isə de-fakto olaraq, Naxçıvanda Azərbaycanın dövlət müstəqilliyinin bərpa olunması demək idi. 1991-ci ilin payızında Azərbaycanın dövlət müstəqilliyinin əldə edilməsində də Heydər Əliyevin mühüm rolu oldu. 1993-cü ilin iyun ayında Heydər Əliyev xalqın təkidli tələbi ilə Naxçıvandan Bakıya gəldi. O, dərhal Azərbaycanın başı üzərini alan təhlükənin aradan qaldırılması və dövlət müstəqilliyimizin bir daha əldən verilməməsi üçün bütün gücünü səfərbər etdi. 1993-cü il iyun ayının 15-də Heydər Əliyev Azərbaycan Ali Məclisinin sədri seçildi. Bununla da Azərbaycanın müstəqil dövlətçilik ənənələrinin inkişaf etdirilməsi, möhkəmləndirilməsi və onun dünya dövlətləri sırasında öz layiqli yerini tutması sahəsində yeni mərhələ başladı. Onun hakimiyyətə qayıdışı ilə milli ideologiyamızın əks olunduğu dövlətçilik konsepsiyası hazırlandı. Ümummilli Lider bizim üçün elmi prinsiplərə və zəngin intellektual potensiala əsaslanan mükəmməl bir dövlətçilik konsepsiyası yaratmış, dövlət idarəçiliyi sahəsində zəngin elmi-nəzəri və praktiki irs qoymuşdur. Onun dövlətçilik ideyalarının elmi-nəzəri əsasları təkcə bu gün üçün deyil, gələcək üçün də əhəmiyyətlidir. Bu gün Azərbaycan ulu öndər Heydər Əliyev yolu ilə irəliləyir və inkişaf edir.

 

Nailə Məmmədova

“Azerbaijan Realities”

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 443
avatar

Oxşar yazılar