“Son aylarda Azərbaycanı demək olar ki, qarış-qarış gəzmişəm. Bölgələrdə müxtəlif dinlərə etiqad edən icmalarla görüşlər keçirmişəm. İslami təriqətlərin nümayəndələri ilə sıx əməkdaşlıq edirik. Onları dinləyirik, problemlərini öyrənirik, çətinliklərini həll edirik, normal fəaliyyət göstərmələri üçün şərait yaradırıq”. Lent.az-ın xəbərinə görə, bu sözləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı “Azərbaycan” qəzetində çap olunmuş məqaləsində yazıb.
Mübariz Qurbanlı ölkədə dini durumu gərginləşdirmək üçün kənar qüvvələrin təsirinin hələ tam kəsilmədiyini bildirib: “Bu cəhdlər var. Azərbaycanda da icmalar arasında süni yollarla gərginlik yaratmağa, Yaxın Şərqdəki vəziyyəti ölkəmizə ixrac etməyə məlum şəbəkə tərəfindən təşəbbüslər göstərilir, buna böyük vəsaitlər ayrılır. Ancaq bütün bu cəhdlər uğursuzluğa düçar olur”.
Azərbaycanda düzgün dini siyasət həyata keçirildiyini bildirən komitə sədri dövlətlə ruhani kəsim arasında qarşılıqlı anlaşma və etimad mühitinin bərqərar olduğunu da qeyd edib: “Hər bir konfessiya, dini icma daşıdığı hüquqi, mənəvi öhdəliyini dərk edir və buna əməl edir. Digər tərəfdən, aparılan düzgün maarifləndirmə işi dini icmalar arasında yarana biləcək hər hansı bir anlaşılmazlığı aradan qaldırır. Vurğulamağı zəruri saydığım bir məsələ də budur ki, dini icmalarla birgə əməkdaşlığımız nəticəsində bu sahədə mövcud olan “beşinci kolonlar”ı da iflasa uğrada bilmişik. Eyni zamanda, Azərbaycanda dini zəmində hansısa ixtilaf yaratmaq cəhdinin qarşısını almaq gücündə olan mükəmməl hüquq-mühafizə sistemi var.
Bu baxımdan, tam əminliklə deyə bilərəm ki, Azərbaycanda siyasi yönümdə gərginlik yarada bilməyən məlum anti-azərbaycançı şəbəkə dini yönümdə də arzuladığı və planladığı təfriqələri həyata keçirə bilməyəcək”.