Moldovada keçirilən konfransda Ermənistanın işğalçılıq siyasəti pislənilib
17 sentyabr 2014 18:42 (UTC +04:00)

Moldovada keçirilən konfransda Ermənistanın işğalçılıq siyasəti pislənilib

Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının yardımı ilə Moldovanın paytaxtı Kişnyovda "Ölkələrin ərazi bütövlüyü və insan
haqlarının qorunması" adlı beynəlxalq konfrans keçirilib. Şuradan Lent.az-a verilən məlumata görə, konfransa Moldova, Azərbaycan, Gürcüstan, Israil, Ukrayna, Qazağıstan, ATƏT və Avropa Birliyindən 100-ə yaxın QHT, media, diplomatik korpus nümayəndəsi, beynəlxalq ekspert qatılıb.

Moldovanın sabiq prezidenti Petru Luçinski  və sabiq ombudsmanı Aurelia Grigoriu çıxışlarında hər zaman ölkələrin ərazi bütövlüyü prinsipinin prioritet kimi götürülməsinin zəruriliyini vurğulayıblar. Konfransda çıxış edən Moldovanın baş prokurorunun müavini konkret faktlar göstərərək postsovet ölkələrinin ərazilərində ortaya atılmış separatçı qurumların ayrılmaq iddialarının hüquqi bazasının olmadığını və bunun beynəlxalq hüquqla tam ziddiyyət təşkil etdiyini bildirib.

Ukraynanın Moldovadakı səfiri Sergey Pirojkov konfransda çıxışında Ukraynada baş verən son separatçılıq hərəkətlərinin heç bir hüquqa əsaslanmadığını qeyd edərək beynəlxalq ictimaiyyəti ölkələrin ərazi bütövlüyünün qorunması məsələsində fəal olmağa səsləyib.

İsrail təmsilçisi Arye Gut isə Ermənistanın real olmayan, təhlükəli ideyanın arxasınca qaçdığını bildirərək ermənilərin mövcud hakimiyyətləri ilə bağlı həlledici qərar qəbul etməli olduğunu qeyd edib.

Ölkəmizin Moldovadakı fövqaladə və səlahiyyətli səfiri Namiq Əliyev BMT başda olmaqla bir çox beynəlxalq təşkilatın qəbul etdiyi qətnamə və bəyannamələrə rəğmən Ermənistanın 20 ildən artıq müddətdə Azərbaycanın suveren ərazilərini işğal altında saxladığını deyib. 
Qeyd edək ki, konfransda Şuranın baş məsləhətçisi Mustafa Qurbanlı da iştirak edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 599

Oxşar yazılar