Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumu və bir sıra beynəlxalq qurumların təşəbbüsü ilə keçirilən “Dövlət və Din: Dəyişən dünyada tolerantlığın gücləndirilməsi” I Beynəlxalq Bakı Forumunda Küveyt Dövlətinin vəqflər və islam işləri nazirinin müavini Abdel Abdullah əl-Fəlah çıxış edib.
Lent.az-ın məlumatına görə, Abdel Abdullah əl-Fəlah deyib ki, başqalarına xoş münasibətlə yanaşmaq, tolerantlıq Allahın buyruğudur və bu, sülhün əsas şərtidir: “Azərbaycan Respublikası bu məsələdə öncüllük edir. Azərbaycan hökumətinə, dini liderlərinə təşəkkür edirik. Küveytin də din və dövlət arasındakı münasibətlərə öncüllük edəcəyinə söz veririk”.
Misir vəqflər nazirinin müavini Camal Abdul Səttar Məhəmməd çıxışında deyib ki, islamda vurğulanır ki, dində məcburiyyət yoxdur: “Azadlıq geniş mənada etiqad azadlığını əhatə edir. Ona görə də insanlar bir-birinə hörmətlə yanaşmalıdırlar. İkincisi, dialoq olan yerdə mümkün deyil ki, sülh olmasın. Dialoq olmayan yerdə də sülh ola bilməz”.
Misir vəqflər nazirinin müavini Azərbaycan barədə də xoş sözlər dilə gətirib: “Azərbaycana gələndə sanki uçurumdan inkişafa qədəm basdım”.
BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Antonius Broek Foruma uğurlar arzulayıb. Forumda İslam Əməkdaşlıq Təşkilatı və İSESCO baş katiblərinin təbrikləri oxunub.