Bunu APA-ya açıqlamasında Milli Şuranın üzvü, VHP Ali Məclisinin sədri Rafiq Manaflı Milli Şuranın fəxri sədri Rüstəm İbrahimbəyovun fikrinə münasibət bildirərkən deyib.
Xatırladaq ki, R. İbrahimbəyov hüquq müdafiəçisi Leyla Yunusun həbsi ilə əlaqədar Milli Şuraya göndərdiyi müraciətdə öz fəaliyyətinə də toxunub: “Təxminən iki ildir ki, bir sıra həm yaradıcı, həm də şəxsi səbəblər məni Azərbaycan hüdudlarından kənarda olmağa məcbur edir. Son illər mənim ictimai-siyasi fəallığım əsərlərimdə əksini tapan baxışların məntiqi davamı idi. Mən əmin idim ki, ölkənin ictimai-siyasi həyatında açıq iştiraka bir neçə il sərf etdikdən sonra yaradıcılıq planlarımı yekunlaşdırmaq üçün yazıçılıq fəaliyyətimə (və eyni zamanda şəxsi ciddi problemlərimin həllinə) qayıtmağa mənəvi hüququm var”.
R. Manaflı isə bildirib ki, yaradıcılıq və siyasi fəaliyyət bir-birini inkar etmir. Onun sözlərinə görə, R. İbrahimbəyov Milli Şuranın fəxri sədri seçiləndən sonra qurumun işində hər hansı fəaliyyəti olmayıb: “Bir yazıçı, mədəniyyət xadimi kimi ona hörmətim böyükdür. Ancaq onun siyasi fəaliyyəti ilə bağlı mən öz mövqeyimi bildirmişəm. Eyni zamanda fəxri sədr vəzifəsi də fəal siyasət tələb etmir. Biz bu vəzifəni Rüstəm İbrahimbəyova hörmət əlaməti olaraq vermişik. Şəxsi problem məsələsinə gəldikdə, Azərbaycanda siyasi fəaliyyətlə məşğul olanların şəxsi problemləri yoxdur ki? Bizim də şəxsi problemlərimiz var, ancaq birmənalı şəkildə siyasi fəaliyyətimizi davam etdiririk. Bu baxımdan Rüstəm İbrahimbəyovun şəxsi problemlərini əsas gətirərək, siyasi fəaliyyətlə məşğul olmaması düzgün deyil”.