Milli Məclisdə “qiyamət” gündəlik
21 dekabr 2012 11:17 (UTC +04:00)

Milli Məclisdə “qiyamət” gündəlik

0

Rekord sayda məsələ müzakirə edəcək parlament Azərbaycanda yeni rayonun yaradılmasını təsdiqləyəcək

 

Bu gün Milli Məclisin növbəti iclası keçiriləcək. Lent.az-ın verdiyi məlumata görə, iclasın gündəliyinə rekord sayda – 29 məsələ salınıb.

Milli Məclis bu gün Ali Məhkəmə, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi  və Sumqayıt Apellyasiya Məhkəməsi hakimlərinin təyin edilməsi məsələsinə baxacaq. “Məhkəmələr və hakimlər haqqında” və “Məhkəmə-Hüquq Şurası haqqında” qanunlara dəyişiklik də müzakirə olunacaq. Dəyişikliklərə əsasən, hakimlər öz razılığı ilə Məhkəmə-Hüquq Şurasının qərarına əsasən 2 ilədək müddətə Məhkəmə-Hüquq Şurasının Aparatına, habelə müvafiq icra hakimiyyəti orqanının müraciəti olduqda, tədris fəaliyyətində və ya birinci və apellyasiya instansiyası məhkəmələrində nəzərdə tutulmuş sahələr üzrə işin təşkili vəziyyətinin yoxlanılmasında iştirak etmək üçün həmin quruma ezam edilə bilərlər. Zərurət olduqda bu müddət ezam edilmiş hakimin razılığı ilə yenidən 2 ilədək uzadıla bilər. Məhkəmə-Hüquq Şurasının Aparatına və ya müvafiq icra hakimiyyəti orqanına ezam edilmiş hakimin hakimlik stajı davam edir, hakimlərin statusundan irəli gələn maddi və sosial təminatları və imtiyazları saxlanılır. Ezam edilmiş hakim özünün və ya ezam edildiyi qurumun təşəbbüsü ilə Məhkəmə-Hüquq Şurasının qərarı ilə əvvəl işlədiyi vəzifəyə qaytarılır.

Milli Məclis bu gün “Mədəniyyət haqqında” qanunun layihəsini də üçüncü, axırıncı oxunuşda müzakirə edəcək, “Sərhəd qoşunları haqqında”, “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında”, “Milli təhlükəsizlik haqqında” qanunlara dəyişikliklər edəcək. Vergi Məcəlləsində, “Dövlət rüsumu haqqında”, “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə”  İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında, Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında,  Xüsusi iqtisadi zonalar haqqında” qanun layihələri də müzakirə olunacaq.

Türk Şurasının İkinci Zirvə Toplantısının Bəyannaməsini, Bakı şəhər inzibati ərazi vahidi tərkibində Pirallahı rayonunun yaradılması haqqında qanun layihəsini təsdiq edəcək Milli Məclis Gəncə şəhərinin və Daşkəsən, Goranboy, Göygöl, Samux rayonlarının sərhədlərində qismən dəyişikliklərə də baxacaq. “Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin daxili işlər nazirliklərinin (polisin) insan alveri ilə mübarizədə əməkdaşlığı haqqında” Sazişin təsdiq edilməsi barədə, . “Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında” Çərçivə Konvensiyasının Neftlə çirklənmə halları ilə mübarizədə regional hazırlıq, cavab tədbirləri və əməkdaşlıq haqqında” Protokolunun təsdiq edilməsi barədə, “Azərbaycan Respublikası Hökuməti və Litva Respublikası Hökuməti arasında fövqəladə halların qarşısının alınması və aradan qaldırılması sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında” Sazişin təsdiq edilməsi barədə, “Azərbaycan Respublikası Hökuməti və Koreya Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə, Ümumdünya Poçt Konvensiyasına və onun yekun Protokoluna qoşulmaq haqqında, Ümumdünya Poçt İttifaqının Nizamnaməsinə əlavə səkkizinci Protokola qoşulmaq haqqında, Ümumdünya Poçt İttifaqının Ümumi Reqlamentinə əlavə birinci Protokola qoşulmaq haqqında və “Poçt ödəniş xidmətləri haqqında” Sazişə qoşulmaq barədə qanun layihələri də parlamentin gündəliyinə salınıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1393

Oxşar yazılar