Milli Məclisin bu gün keçirilən plenar iclasında “Dövlət qulluğu haqqında” qanuna ötən sessiyada edilən dəyişikliklərlə bağlı ölkə prezidentinin etirazı haqqında qərar layihəsi müzakirə olunub.
APA-nın məlumatına görə, MM-in Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, prezident öz hüququndan istifadə edərək layihəyə düzəlişlə bağlı etirazını bildirib.
Layihədə etiraza səbəb “Dövlət qulluğu haqqında” qanunda əsas səlahiyyətləri Azərbaycan Konstitusiyasının 7-ci maddəsinin III hissəsinə əsasən müəyyən edilən qanunvericilik, icra və məhkəmə hakimiyyətinin ən yüksək dövlət orqanları, Prezident Administrasiyası, habelə dövlət başçısının fəaliyyətini bilavasitə təmin edən digər orqanlar və icra səlahiyyətlərini həyata keçirən orqan, Milli Məclis, Konstitusiya Məhkəməsi, Ali Məhkəmə (Ali kateqoriya dövlət orqanları) daxil olan siyahıya Məhkəmə Hüquq Şurası Aparatının da salınması olub.
Yeni düzəlişə əsasən, Məhkəmə Hüquq Şurası Aparatına dövlət orqanı statusu verilib və yuxarıda qeyd olunan dövlət qurumlarından sonrakı kateqoriyaya aid olunub.
Layihə səsə qoyularaq qəbul edilib.