Xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycan, Türkmənistan və Türkiyə xarici işlər nazirlərinin 29 yanvar 2015-ci il tarixində Aşqabadda keçirilən üçtərəfli görüşü çərçivəsində Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov ilə görüşüb. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Azərbaycan ilə Türkmənistan arasındakı münasibətlərin cari səviyyəsinin məmnunluq doğurduğunu deyən nazir Elmar Məmmədyarov prezident İlham Əliyevin salamlarını Türkmənistanın dövlət başçısına çatdırıb.
Prezident Qurbanqulu Berdiməhəmmədov salamlarının və ən xoş arzularının prezident İlham Əliyevə çatdırılmasını xahiş edib.
Görüş zamanı Azərbaycan, Türkmənistan və Türkiyə xarici işlər nazirlərinin iştirakı ilə üçtərəfli görüşün keçirilməsinin regional əməkdaşlığın inkişafı baxımından əhəmiyyəti vurğulanıb. Görüş zamanı iki ölkə arasında iqtisadi, ticarət, elm, təhsil eləcə də qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə edilib.