Nazirlər Kabineti “Mədəni sərvətlərdən aztəminatlı əhali, əlillər və sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, müharibə iştirakçıları tərəfindən güzəştli istifadə Qaydası”nın təsdiq edilməsi barədə qərar qəbul edib.
Lent.az-ın məlumatına görə, “Mədəniyyət haqqında” Azərbaycan Respublikası Qanununun 14.2.4-cü maddəsinə uyğun olaraq hazırlanan bu qayda Azərbaycanda aztəminatlı əhali, əlillər və sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, müharibə iştirakçıları tərəfindən mədəni sərvətlərdən güzəştli istifadə edilməsi ilə bağlı məsələləri tənzimləyir.
Azərbaycanda yaşayan aztəminatlı ailələrin üzvləri, əlillər və sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, müharibə iştirakçıları mədəni sərvətlərdən güzəştli istifadə üçün mədəni sərvətlərin qorunmasını və ya nümayişini həyata keçirən dövlət və bələdiyyə mülkiyyətində olan mədəniyyət müəssisəsinin rəhbərinə ərizə ilə müraciət etməlidirlər. Xüsusi mülkiyyətdə olan mədəniyyət müəssisələrində qorunan və nümayiş etdirilən mədəni sərvətlərdən güzəştli istifadə üçün mülkiyyətçinin razılığı əsasında həmin müəssisənin rəhbərinə müraciət edilir. Ərizəyə aztəminatlı ailələrin üzvləri tərəfindən rayon (şəhər) əhalinin sosial müdafiəsi mərkəzində yaradılmış komissiya tərəfindən ünvanlı dövlət sosial yardımının təyin edilməsi barədə qərarın surəti, , əlillər və sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar tərəfindən tibbi-sosial ekspert komissiyası tərəfindən verilmiş arayışın surəti, müharibə iştirakçıları tərəfindən hərbi bilet və ya müharibə veteranı vəsiqəsinin surəti və bu şəxslərin şəxsiyyət vəsiqəsinin surəti əlavə edilməlidir.
Mədəni sərvətlərin qorunmasını və ya nümayişini həyata keçirən dövlət və bələdiyyə mülkiyyətində olan mədəniyyət müəssisəsi tərəfindən güzəştli istifadə şamil olunan şəxslərin və müvafiq sənədlərin siyahısı hər kəs üçün aydın görünən lövhələrdə yerləşdirilməlidir. Dövlət və bələdiyyə mülkiyyətində olan mədəniyyət müəssisələrindəkimədəni sərvətlərin istifadəsi öz tarixi və bədii təyinatına uyğun həyata keçirilməlidir. Mədəni sərvətlərin tarixi və bədii təyinatı ilə bir araya sığmayan tərzdə istifadə edilməsinə və “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” qanunun tələblərinə əməl edilməklə, mülkiyyətçisinin və ya istifadəçisinin razılığı olmadan mədəni sərvətlərin surətinin çıxarılması (hazırlanması), habelə onlardan turizm, ekskursiya və reklam məqsədi ilə istifadə edilməsinə yol verilmir.