Götürək elə insan haqları və demokratik prinsipləri özünün əsas prioriteti hesab edən Avropa Parlamentinin Prezidenti Martin Şultsu. Onun Avropa Parlamentinə gəlişindən əvvəlki fəaliyyətinə nəzər saldıqda maraqlı faktlarla qarşılaşırsan.
Uşaq vaxtından futbolçu olmaq arzusu ilə yaşayan Şults sonradan spirtli içkiyə qurşanır və bu arzusuna çata bilmir. 26 aprel 2013-cü il tarixində “Financial Times” qəzetinə müsahibədə bunu o özü də etiraf edir: “Məktəb vaxtı futbol oynamaqdan başqa heç nə ilə məşğul olmurdum. Oyunlar zamanı dizimdən zədə aldım, dərslərdə də uğursuzluğa düçar oldum və depressiyaya düşərək içkiyə qurşandım”.
Böyük Britaniyanın “Economist” qəzetinin 11 may 2013-cü il tarixli sayında Martin Şultsdan bəhs edən məqalədə onun Brüsseldə ali vəzifəyə can atması karikatura edilərək, Şultsun əvvəllər içki düşkünü olduğu qeyd olunur. Yazının bir yerində jurnalist Şultsu “islah olunmuş alkoqolik” kimi verir, sonradan isə həmin yazının sonunda qeyd edir ki, Şultsun ofisindən redaksiyaya zəng edərək bu ifadənin “içki içməyən” kimi verilməsini xahiş etmişlər.
Almaniyanın “Bild” qəzetində Martin Şultsun gənc yaşlarında işini məhz iş yerinə içkili vəziyyətdə gəldiyinə görə itirdiyi bildirilmişdir. Sonralar işsizlik müavinətindən məhrum edilən Şultsdan ailəsi və dostları üz döndərməyə başlayırlar. Bundan sonra Şults kitab ticarəti ilə məşğul olmağa başlayır və uzun müddət kitab mağazasının müdiri işləyir. Bir müddət sonra Şults Avropa Parlamentində fəaliyyətə başlayır.
Martin Şultsu xarakterizə edən məqamlardan biri də onun olduqca davakar, qalmaqallı, tez-tez lüzumsuz bəyanatlar verən bir insan olmasıdır. O, heç bir sağlam məntiqə sığmayan çıxışları, qeyri-adekvat fikirləri ilə “məşhurdur”. Martin Şults özünə və emosiyasına nəzarət etməyi heç vaxt bacarmayıb. Elə bütün bunlara görə onun çıxış və bəyanatları tez-tez siyasi qalmaqallarla müşayiət olunur.
Misal üçün, onun İtaliyanın ovaxtkı baş naziri S.Berluskoni haqqında dediyi sözlər, İsrail Knessetindəki çıxışı, Böyük Britaniyanın Avropa İttifaqındakı rolu barədə söylədiyi fikirləri bu ölkələrin rəhbərliyi, parlament üzvləri və ictimaiyyəti tərəfindən kəskin reaksiyaya səbəb olmuş və beynəlxalq səviyyədə ciddi qalmaqal yaratmışdır. Hətta iş o yerə çatmışdır ki, Avropa Parlamentinin Böyük Britaniyadan olan deputatı Qodfri Blum onu nasizmin təşviqində günahlandırmışdı
Martin Şultsun maliyyə sahəsində işləri də ürəkaçan deyil. Belə ki, Almaniyanın ARD televiziyazının “Report Mainz” proqramının 29 aprel 2014-cü il buraxılışındakı jurnalist araşdırmasına əsasən Avropa parlamentinin deputatları plenar və komitə iclaslarında iştirak edərlərsə və ya ən azından qeydiyyatdan keçərlərsə bunun müqabilində 304 avro gündəlik müavinət əldə edirlər. Martin Şults isə nə etməsindən və harada olmasından asılı olmayaraq ilin 365 günü müavinət alır-istər Brüsseldə və ya Strasburqda parlamentin sessiyasına rəhbərlik etsin, istər ailəsi ilə birgə sakit həftəsonu keçirsin və ya Sosial Demokrat Partiyasının iclaslarında iştirak etsin. Bu isə ilə vergisiz təxminən 110000 avro edir. (Özünün illik gəliri isə təxminən 200000 avrodur).
Burada belə bir əsas məqamı diqqətə çatdırmaq lazımdır ki, Martin Şults Avropa Parlamentinə rəhbərlik etdiyi dövrdə Avropa İttifaqına üzv olan dövlətlərdə insan haqlarının kobud şəkildə pozulması ilə bağlı petisiyalara, demək olar ki, baxılmayıb və ən maraqlısı da ondan ibarətdir ki, Almaniyadan gələn şikayətlər isə ümumiyyətlə qəbul olunmur. Bunun əvəzində Şults digər ölkələrdə baş verən hadisələrə qərəzli, ikili standartlara söykənən və başqa ölkələrin daxili işlərinə kobud şəkildə müdaxilə cəhdi kimi qiymətləndirilə bilən mövqe nümayiş etdirir. Əgər Şultsun Avropa Parlamentinə sədrliyinin birinci dövrünün əvvəlində, eləcə də yenidən sədr seçilərkən etdiyi çıxışlarda qarşıya qoyduğu məqsədlərə nəzər salsaq, görərik ki, o, Avropada işsizliyin azaldılması, xüsusilə gənclərin məşğulluğunun təmin edilməsi, demokratik dəyərlərin qorunması və digər məsələləri prioritet hesab edir. Lakin reallıqda bu məsələlər nəinki öz həllini tapmamışdır, hətta bu problemlər artmaqda davam edir.
P.S. Kütləvi informasiya vasitələrində qeyd olunur ki, bir neçə il bundan öncə az televiziya kanalları tapılardı ki, Martin Şultsu müsahibəyə dəvət etsin. Çünki o, jurnalistlərin fikrincə, uğursuz, kobud, vulqar görkəmə malik bir insan idi. Qısa müddət ərzində bunu başa düşən Şults öz imici üzərində işləmiş və özü istədiyi vaxt və istədiyi televiziya kanallarına çıxmağı qərara almışdı.
Elvin Səmədov