Oktyabrın 9-da Belarus Respublikasının prezidenti Aleksandr Lukaşenko müdafiə naziri, general-polkovnik Zakir Həsənovla görüşüb. Lent.az-ın Müdafiə Nazirliyinin saytına istinadən məlumatına görə, görüşdə A.Lukaşenko Belarusun Azərbaycanla hərbi-texniki əməkdaşlığı inkişaf etdirmək niyyətində olduğunu, bu sahədə əməkdaşlığın beynəlxalq öhdəliklərə zidd olmadığını deyib: “İki ölkə arasında münasibətlər heç bir beynəlxalq razılaşmanı, BMT Təhlükəsizlik Şurasının heç bir qətnaməsini pozmur. Biz suveren, müstəqil ölkələrik və zamanın ruhuna, ənənəvi qardaşlıq əlaqələrinə malik ölkələrimizin tələbinə uyğun əməkdaşlıq istiqamətlərini müəyyən etmək hüququna malikik. Minskdə ümumiyyətlə, Azərbaycanla bağlı heç bir narazılıq yoxdur. Biz Azərbaycan xalqına çox böyük hörmətlə yanaşırıq. Mən çox yaxşı xatırlayıram, Belarus xalqının çətin günlərində Azərbaycan Prezidenti öz çiynini irəli verib. Biz bunları yaxşı xatırlayırıq və əgər Azərbaycan üçün edə biləcəyimiz bir şey varsa, bunu etməyə hazırıq. Biz istəyirik ki, sizin xalqınız təhlükəsiz şəraitdə yaşasın və ölkəniz inkişaf etsin”.
A.Lukaşenko Azərbaycan Prezidenti ilə tez bir zamanda görüşə ümid etdiyini də söyləyib.
Müdafiə naziri general-polkovnik Z.Həsənov bildirib ki, Azərbaycanda da Belarusu çox sevir və xüsusi hörmətlə yanaşırlar: “Bizim bütün sahələrdə çox sıx əməkdaşlığımız var. Siz düz qeyd etdiniz ki, bizim bir-birimizdən öyrənəcəyimiz çox şey var. Hərbi-texniki sahədə də çox uğurlu layihələr və əməkdaşlıq mövcuddur. Bütün bunlar beynəlxalq qanunlara ziddiyyət təşkil etmir. Tam məsuliyyətlə bəyan edirəm ki, hərbi-texniki əməkdaşlıq çərçivəsində əldə etdiyimiz avadanlıqlar yüksək keyfiyyətə malikdir və onlar Azərbaycan Silahlı Qüvvələrində uğurla istifadə olunur. Bu bizə imkan verir ki, bu sahədə əməkdaşlığı davam və inkişaf etdirək”.