İsrailin Belarusdakı konsulu Yuliya Raçinskaya müvəqqəti saxlanma təcridxanasında saxlanılan bloqqer Aleksandr Lapşinə baş çəkib.
APA-nın 9tv.co.il saytına istinadən verdiyi məlumata görə, İsrail Parlamentinin (Knesset) deputatı Kseniya Svetlova başçəkmənin onun və xarici işlər nazirinin müavini Tsipi Xotovelinin təşəbbüsü ilə baş tutduğunu bildirib.
K. Svetlova əlavə edib ki, məhkəmə bloqqerlə bağlı hələlik qərar çıxarmayıb.
O, problemin həll olunması üçün Belarus və Azərbaycan tərəfi ilə danaşıqlar apardığını da qeyd edib.
Deputatın sözlərinə görə, bloqqer azadlığa buraxılmasına zəmanət verildiyi və ekstradisiya tələbi geri götürüləcəyi halda, Azərbaycan tərəfindən üzr istəmək variantını nəzərdən keçirə biləcəyini bəyan edib.
Xatırladaq ki, Rusiya, İsrail və Ukrayna vətəndaşı olan bloqqer Aleksandr Lapşin Azərbaycan sərhədlərini pozduğu və işğal olunmuş Azərbaycan torpaqlarına icazəsiz səfər etdiyi üçün Azərbaycan hökumətinin müraciəti əsasında Minskdə saxlanılıb. Hazırda onun Azərbaycana ekstradisiyası məsələsi həll olunur.
A. Lapşinin hərəkətlərində dövlət əleyhinə yönələn açıq çağırışlar və dövlət sərhədini qanunsuz olaraq keçmə əməllərinin tərkib əlamətləri olduğundan Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 281.2 (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi başlanıb.