Bu gün “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Referendum Aktının layihəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun xüsusi iclası keçirilib.
APA-nın xəbərinə görə, xüsusi iclasda Konstitusiya Məhkəməsinin Plenumu Referendum Aktı layihəsinə müsbət rəy verib. Konstitusiya Məhkəməsi Plenumunun xüsusi iclasında 8 hakim iştirak edib. İclasda Azərbaycan prezidentinin nümayəndəsi kimi Prezident Administrasiyasının Qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin müdiri Şahin Əliyev iştirak edib.
Hakim Kamran Şəfiyev “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Referendum Aktını məruzə edib.
Hakim Rafael Qvaladze bildirib ki, sərbəst və müstəqil öz müqəddəratını həll etmək və öz idarəetmə formasını müəyyən etmək Azərbaycan xalqının suveren hüququdur, Azərbaycan xalqı öz hüquqları və mənafeləri ilə bağlı olan hər bir məsələni referendumla həll edə bilər. R. Qvaladze xatırladıb ki, Azərbaycan Konstitusiyasının qəbul və ona dəyişikliklər edilməsi, dövlət sərhədlərinin dəyişdirilməsi yalnız referendumla həll oluna bilər.
PA şöbə müdiri Ş. Əliyev məruzəsində Referendum Aktını əsaslandırılmış şəkildə şərh edib. Şöbə müdiri əlavə edib ki, Azərbaycan Konstitusiyasına əlavə və dəyişikliklərin edilməsindən 7 il vaxt ötüb: “Bu 7 il ərzində Azərbaycanın yeni inkişaf tələblərinə uyğun olaraq, Azərbaycan prezidenti tərəfindən “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Referendum Aktının layihəsi Konstitusiya Məhkəməsinə göndərilib. 9-cu maddənin I hissəsinin aşağıdakı redaksiyada verilməsi təklif olunur ki, Azərbaycan Respublikası öz təhlükəsizliyini və müdafiəsini təmin etmək məqsədi ilə Silahlı Qüvvələr yaradır. Silahlı Qüvvələr Azərbaycan Ordusundan və başqa silahlı birləşmələrdən ibarətdir. Təklif edilir ki, digər silahlı birləşmələrin - yəni Dövlət Sərhəd Xidməti, Daxili Qoşunların hərbi əməliyyatlar zamanı qərargah rəislərinin birləşmiş komitəsi yaradıldın və bu silahlı birləşmələr birbaşa Ali Baş Komandana tabe olsun”.
O qeyd edib ki, deputatlığa namizədlərə yaş senzinin tətbiqi diskriminasiyadır: “Digər tərəfdən Azərbaycan prezidentinin səlahiyyətinin 5 ildən 7 il müddətinə qaldırılması məsələsinə toxunmaq istəyirəm. Avstriya və Finlandiyada prezidentləri səlahiyyət müddəti 7, Rusiyada isə 6 ildir. Seçkilərin keçirilməsi ucuz məsələ deyil. Seçkilərə dövlət kifayət qədər vəsait ayırır”.
Daha sonra hakimlər müşavirəyə gedib.
Müşavirədən sonra Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev layihəyə verilən rəyi elan edib. F. Abdullayevin sözlərinə görə, Konstitusiya Məhkəməsi qərara alıb ki, Referendum Aktı layihəsində göstərilən təkliflər ümumxalq səsverməsinə - referenduma çıxarıla bilər: “Konstitusiya Məhkəməsi hesab edir ki, təklif olunan dəyişikliklər xalq hakimiyyəti və dövlətin əsaslarına dair Azərbaycan Konstitusiyasının ümumi müddəalarına ziddiyyət yaratmadığından və 155-ci maddənin tələblərinə uyğun olduğundan ümumxalq səsverməsinə (referenduma) çıxarıla bilər. Qərar dərc edildiyi gündən qüvvəyə minir. Qərar qətidir, heç bir orqan və şəxs tərəfindən ləğv edilə, dəyişdirilə bilməz”.
***
10:12
Bu gün Azərbaycan Konstitusiya Məhkəməsi Plenumunun Referendum Aktı layihəsi ilə bağlı iclası keçirilir.
APA-nın xəbərinə görə, iclasda Referendum Aktı layihəsinə rəy veriləcək.
Qeyd edək ki, iyulun 18-də Azərbaycan prezidenti tərəfindən “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Referendum Aktı layihəsi rəy verilməsi üçün Konstitusiya Məhkəməsinə göndərilib.