Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Azərbaycanda səfərdə olan İran İslam Mədəniyyəti və Əlaqələri Təşkilatının sədri Abuzər İbrahimi Türkman ilə görüşüb. Komitədən Lent.az-a verilən məlumata görə, iki ölkənin din və mədəniyyət sahəsində əməkdaşlığının daha da genişləndirilməsi ilə bağlı məsələlərin müzakirə olunduğu görüşdə M. Qurbanlı bildirib ki, Azərbaycanla İran arasında bütün sahələrdə olduğu kimi, din və mədəniyyət sahəsində də əlaqələr yüksək səviyyədə qurulub.
Görüşdə Komitə sədri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışarkən bildirib ki, Azərbaycan torpaqlarının iyirmi faizi işğal olunub. İşğal nəticəsində İslam dininə aid olan bütün tarixi abidələr, o cümlədən məscidlər, ziyarətgahlar dağıdılıb.
Ölkəmizdəki dini durum haqqında məlumat verən Dövlət Komitəsinin sədri bildirib ki, əhalinin 96 faizi müsəlmandır və hazırda iki mindən çox məscid var. “Biz bütövlükdə İslamda radikalizmin əleyhinəyik və ölkəmizdə radikal meyllərin yayılmasının qarşısının alınması üçün bütün tədbirlər görülür”.
Səmimi qəbula görə təşəkkürünü bildirən Abuzər İbrahimi Türkman qeyd edib ki, iki qardaş ölkə arasında əlaqələrin dərin tarixi kökləri var. Bu vəzifədə ilk xarici səfərini Azərbaycana etdiyini bildirən qonaq səfərin İranla Azərbaycan arasında din və mədəniyyət sahəsində əlaqələrin daha da genişlənməsinə böyük təkan verəcəyini vurğulayıb. "İslam mərhəmət dinidir",- deyən qonaq din və mədəniyyət üzərində qurulan əlaqələrin daha da genişlənməsinin vacibliyindən danışaraq qeyd edib ki, bu əməkdaşlıq gələcəkdə də davam etdiriləcək.