Komitə: "Kənar qüvvələrin dindən sui-istifadəsinə yol verməməliyik"
02 oktyabr 2014 15:10 (UTC +04:00)

Komitə: "Kənar qüvvələrin dindən sui-istifadəsinə yol verməməliyik"

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nəzdində fəaliyyət göstərən Din Xadimlərini Təkmilləşdirmə Kurslarında növbəti, üçüncü buraxılış olub. İdarədən Lent.az-a verilən məlumata görə, oktyabrın 2-də bununla bağlı keçirilən tədbiri QMİ sədrinin müavini, Bakı İslam Universitetinin rektoru Hacı Sabir Həsənli açaraq mərasim iştirakçılarına Şeyxülislam Allahşükür Paşazadənin salamlarını çatdırıb.

QMİ sədrinin müavini kursların fəaliyyətə başlamasını ölkədə din-dövlət münasibətlərinin yüksək səviyyədə olmasının bariz nümunəsi kimi qiymətləndirib və bu layihəyə verdiyi maddi-mənəvi dəstəyə görə prezident İlham Əliyevə idarə rəhbərliyi və müdavimlər adından minnətdarlığını bildirib.

Sonra QMİ-nin Aparat rəhbəri Simran Həsənov çıxış edərək müdavimləri kursları bitirmələri münasibətilə təbrik etdi. O, kurs məzunlarına verilən sertifikatların sadəcə kursu bitirməni təsdiqləyən sənəd deyil, həm də məsuliyyəti artıran bir sənəd olduğunu vurğulayıb: "Siz böyük alimlərlə, dövlət xadimlərilə, hüquqşünaslarla, filosoflarla görüşlər keçirdiniz. Ümid edirik ki, bu görüşlərdən faydalandınız və aldığınız biliklər xütbələrinizdə, söhbətlərinizdə, fəaliyyətinizdə sizin köməyinizə çatacaq”.

Daha sonra Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədr müavini Siyavuş Heydərov çıxış edərək Azərbaycanda din-dövlət münasibətləri sahəsində görülən müsbət işlərdən danışdı və Din Xadimlərini Təkmilləşdirmə Kurslarının əhəmiyyətini xüsusi olaraq vurğulayıb. “Mən üç gün müddətində sizlərlə görüşdüm və suallarınıza dolğun cavab verməyə çalışdım. Özüm də şahidi oldum ki, bu kursların olduqca böyük əhəmiyyəti var. Özünüz də bu kurslarda əldə etdiyiniz biliklərin müsbət nəticəsini görəcəksiniz”.

DQİDK-nin rəsmisi əlavə etdi ki, hazırda dünyada və regionda gedən proseslərdə din amilindən müxtəlif maraqlar üçün istifadə olunur: “Bir çox dövlətlər və siyasi dairələr din adından öz maraqlarına uyğun istifadə edib, ölkəmizə təsir etməyə çalışırlar. Din müqəddəsdir. Biz çalışmalıyıq ki, dinin müqəddəsliyini qoruyaq və kənar qüvvələrin ölkəmizdə dindən sui-istifadəsinə yol verməyək”.

Dövlətimizin dinə qayğı göstərdiyini vurğulayan S.Heydərov qeyd edib ki, dövlətin apardığı siyasət ölkəmizdə dini sahədə əmin-amanlığın və vətəndaşların vicdan azadlığının təmin olunmasına xidmət edir. Təkmilləşdirmə kurslarının təşkil olunması da bunun bariz nümunələrindən biridir.

Sonra müdavim-ruhanilərə təkmilləşdirmə kurslarını bitirmələrini təsdiq edən sertifikatlar təqdim olunub.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 505

Oxşar yazılar