Yeni Azərbaycan Partiyası (YAP) parlament seçkilərində iştirak edəcək namizədlərinin siyahısını açıqlayandan sonra bitərəf və müxalifət partiyalarını təmsil edən hazırkı deputatlar da seçki ilə bağlı planlarını elan ediblər.
Lent.az-ın xəbərinə görə, bu dəfə əsas diqqət çəkən deputatların bəzilərinin növbəti dəfə namizəd olmaq üçün başqa dairə seçməsi olub.
Millət vəkili Musa Qasımlı növbəti parlament seçkilərində iştirak üçün namizədliyini 72 saylı Yardımlı-Masallı seçki dairəsindən irəli sürüb.
Həmin dairənin hazırkı deputatı Sabir Rüstəmxanlı isə hələ seçkilərdə iştirakla bağlı qərarını açıqlamayıb. Bu gün modern.az saytı S. Rüstəmxanlının deyil, xanımı Tənzilə Rüstəmxanlının 42 saylı Sumqayıt ikinci seçki dairəsindən namizədliyini irəli sürəcəyini yazıb.
Millət vəkili Fuad Muradov da bu dəfə namizəd olduğu dairəni dəyişib. Deputat özü yaydığı açıqlamada bildirib ki, bu dəfə 34 saylı Xətai ikinci seçki dairəsindən namizəd olacaq.
Onun hazırda deputat olduğu 29 saylı Səbayel seçki dairəsindən isə YAP-ın namizədi deputat həmkarı Şəmsəddin Hacıyevdir.
94 saylı Bərdə kənd seçki dairəsinin deputatı Gövhər Baxşəliyeva və 93 saylı Bərdə seçki dairəsinin deputatı Zahid Oruc isə dairələrini bir-biri ilə dəyişiblər.
Millət vəkilləri Çingiz Qənizadə, Eldar Quliyev , Fazil Mustafa və Jalə Əliyeva isə hazırda deputat olduqları dairələrdən yenidən namizəd olacaqlarını açıqlayıblar.
Millət vəkili Elton Məmmədov isə seçkilərlə bağlı qərar verməyənlərdəndir. O, aznews.az-a parlament seçkisində iştirak edib-etməyəcəyinə, hansı dairədən namizəd olacağına hələlik qərar vermədiyini deyib.
Millət vəkili Ceyhun Osmanlı da qafqazinfo.az-a öz dairəsindən deputatlığa namizədliyini irəli sürməyəcəyini qərarlaşdırdığını, başqa dairə seçib-seçməyəcəyinə isə bir-iki günə qərar verəcəyini deyib.
Lent.az-ın əldə etdiyi məlumata görə, millət vəkilləri Aqil Abbas və Sahib Alıyev də növbəti dönəm üçün hazırda deputat olduqları dairədən namizədliklərini irəli sürəcəklər.
Qeyd edək ki, bu gün Mətbuat Şurasının sədri Əflatun Amaşov da seçkilərə qatılacağını açıqlayıb. O, modern.az-a bildirib ki, hansı dairədən namizəd olacağını hələlik qərarlaşdırmayıb.