Əli Abbasov İsveç Krallığının Azərbaycandakı səfirini qəbul edib
Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov İsveç Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mikael Erikssonla görüşüb. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirovun Lent.az-a verdiyi məlumata görə, Mikael Eriksson Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları (İKT) sektorunda aparılan islahatlar, həyata keçirilən milli və regional layihələr, eləcə də İKT-nin ölkəmizdə növbəti dəfə prioritet sahə elan edilməsinin təqdirəlayiq olduğunu söyləyib.
O qeyd edib ki, İsveç də İKT sahəsində aparıcı ölkələrdən biri olmaqla, Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” proqramı çərçivəsində Azərbaycanı Qafqazda sözügedən sahədə strateji tərəfdaşı kimi görür. Krallığın aparıcı şirkətlərinin ölkəmizdə İKT sahəsinə investisiya yatırımında maraqlı tərəf kimi çıxış etdiyini də diqqətə çatdıran Mikael Erikssonun sözlərinə görə, Azərbaycanda fəaliyyətə başlayacaq İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu, həmçinin yaradılması nəzərdə tutulan texnopark, İT universiteti kimi təşəbbüslər bu layihələrin gerçəkləşməsinə təkan verəcək. Növbəti ildə Azərbaycan-İsveç biznes forumunun keçirilməsi təşəbbüsünü də irəli sürən Mikael Eriksson gələn il İsveçin milli pavilyonla BakuTel-2013 sərgisində iştirakının və bu sərgidə istehsal və xidmətlərinin təqdim edilməsinin, həmçinin birinci Azərbaycan-İsveç İKT forumunun keçirilməsinin əhəmiyyətinə də toxunub.
Azərbaycan-İsveç münasibətlərinin ölkələrin mənafelərinə uyğun olaraq bundan sonra da dostluq və əməkdaşlıq kontekstində öz inkişafını davam etdirəcəyinə əminliyini bildirən Əli Abbasov bu münasibətlərin İKT sahəsində daha da genişlənəcəyini, həmçinin respublikamızın isveçli sərmayədarlara da açıq olduğunu vurğulayıb.