Türkiyə Milli Müdafiə Nazirliyinin himayə və dəstəyi, Türk Silahlı Qüvvələrini Gücləndirmə Fondunun (TSKGV) idarəçiliyi ilə İstanbulda “IDEF-2015” Beynəlxalq Müdafiə Sənayesi sərgisi açılıb.
APA-nın sərginin rəsmi saytına istinadən verdiyi xəbərə görə, müttəfiq ölkələrin müdafiə nazirləri, yüksək rütbəli hərbi qulluqçular, müdafiə sənayesi rəsmiləri sərgidə iştirak etmək üçün İstanbula toplaşıblar.
46 ölkədən 135 rəsmi heyətin iştirak etdiyi sərgi dünyanın 5 ən böyük müdafiə sənayesi sərgisindən biridir.
"Sabah" qəzetinin xəbərinə görə, sərginin açılışında çıxış edən Türkiyə prezidentiRəcəb Tayyib Ərdoğan deyib ki, ölkəsinin əsas məqsədi 2023-cü ilə qədər müdafiə sənayesini xaricə bağlılıqdan tamamilə qurtarmaqdır. Ərdoğan bildirib ki, prototipi hazır olan “Altay” tanklarının istehsalına yaxın vaxtlarda başlanacaq. Milli savaş təyyarəsinin hazır olması ilə bağlı işlər isə davam etdirilir.
Qeyd edək ki, sərgidə Azərbaycanı müdafiə sənayesi naziri Yavər Camalovun rəhbəri olduğu nümayəndə heyəti təmsil edir. Bundan başqa, Türkiyə Respublikasında səfərdə olan müdafiə naziri, general-polkovnik Zakir Həsənov"IDEF-2015" Beynəlxalq Müdafiə Sərgisində iştirak etmək üçün mayın 5-də İstanbula gedib.
Azərbaycan Türkiyədə keçiriləcək “IDEF-2015” sərgisində 184 adda məhsul nümayiş etdirir.