APA-nın məlumatına görə, bunu Müsavat Partiyasının başqanı, İctimai Palatanın (İP) Koordinasiya Şurasının üzvü İsa Qəmbər İP-in sessiyasında çıxışında deyib.
İ. Qəmbər bildirib ki, əsas fikir ayrılığı yaradan məsələ seçkilərdə iştirakla bağlı olub və yaranan gərginliyin aradan qalxmasını istəyir: “Niyə bir-birimizin sözünü əsəblə qarşılayırıq. Bir müddət əvvəl Arif Hacılı vahid namizədlə bağlı məsələni deyəndə, razılaşmırdılar”.
İ. Qəmbər qeyd edib ki, beynəlxalq birlik müxalifətə gücünü gördüyü zaman dəstək verəcək: “Ona görə də yol seçkidə iştirakdan keçir. Seçkidə iştirak isə ilkin qərardır. Bu nəzəri cəhətdən qəbul olunub. Zamanı gəldikcə bütün məsələlər müzakirə olunacaq. Bir məsələni də qeyd etmək istəyirəm. Bu gün nəzəri cəhətdən bir-birimizə güzəştə getsək, sadə üzvlər kimi dəstəkləyəcək? Səmimi olaq”.
Müsavat başqanı bildirib ki, partiyalar seçki prosesinə daxil olacaqsa, hər bir təşkilat öz üzvlərini fəallaşdıra bilər: “Məhz vətəndaşların bu şəkildə fəallaşması lazımdır. Proses bu mərhələni keçəndən sonra isə danışıqlar aparılacaq. O zaman aydın olacaq ki, kim hansı mövqedən çıxış edir. Eyni zamanda heç bir variantı inkar etmirik. Bəlkə üçüncü şəxsi müdafiə etmək haqqında qərar qəbul edəcəyik. Bəzən özümüz haqda o qədər danışırıq ki, iqtidar haqda danışmağa vaxt qalmır. Ona görə də yersiz gərginliyi bir tərəfə qoymaq lazımdır”.
İ. Qəmbər əlavə edib ki, İP-də vaxtilə təmsil olunan və sonradan qurumu tərk edənlərlə yenidən anlaşmaya getmək mümkün deyil: “Bir gün İctimai Palatada təmsil olunan partiyalar, sonradan İctimai Palataya qarşı əsassız, qərəzli fikirlər söyləyiblər. Bunlarla necə bir yerdə olmaq olar? Yenidən yoxlamaq istəyirsinizsə buyurun, edin”.