Bu gün Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) qərargahında müxalif yönümlü siyasi partiya rəhbərlərinin iştirakı ilə bəzi QHT təmsilçilərinin həbsi ilə bağlı tədbir keçirilib.
APA-nın məlumatına görə, KXCP sədri Mirmahmud Mirəlioğlu qeyd edib ki, tədbirə digər siyasi partiyaların rəhbərləri də digər dəvət olunsalar da, qeyri-müəyyən səbəblərdən gəlməyiblər: “Ancaq kim gələr, kim gəlməz, öz işidir. Bura universitet auditoriyası deyil ki, gəlməyən qaib yazaq”.
P. Hüseyn isə qeyd edib ki, tədbirə qatılması ilə bağlı AXCP sədri Əli Kərimli ilə danışıb: “Mən ona bildirdim ki, hüquq müdafiəçilərinin həbsi ilə bağlı tədbir keçiririk. O mənə dedi ki, bunları sonra müzakirə edərik, ancaq gəlib-gəlməyəcəyi barədə bir söz demədi”.
Müsavat Partiyasının başqanı İsa Qəmbər isə bildirib ki, həbsdə olan insanların müdafiəsi işi kütləvi hal almayıb. O, son həbslərlə bağlı keçirilən toplantılara da toxunub: “Söhbət hansısa yeni təşkilat yaratmaqda deyil. Burada siyasi partiyaların birgə fəaliyyətindən, funksional əməkdaşlıqdan söhbət gedir. Ümumiyyətlə, son vaxtlar belə bir tendensiya yaranıb ki, həbs olunanları müdafiə etməyə filankəslərin haqqı var, filankəslərin haqqı isə yoxdur, həbs olunanları ancaq filankəslər müdafiə edə bilər, filankəslər müdafiə edə bilməz, bunlar absurd fikirlərdir. O insanların hər kəsin müdafiəsinə ehtiyacı var. Biz deyə bilmərik ki, cəsarətli insanları ancaq cəsarətli insanlar müdafiə etməlidirlər. Bu baxımdan müdafiə işində say və keyfiyyət mümkün qədər artmalıdır”.
Ə. Kərimli ilə yanaşı, Milli Şuranın sədri Cəmil Həsənli də toplantıya qatılmayıb.
Qeyd edək ki, toplantıda Müsavat başqanı İsa Qəmbər, AXP sədri Pənah Hüseyn, Ümid Partiyasının sədri İqbal Ağazadə, VİP sədri Əli Əliyev, Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər, Azadlıq Partiyasının sədri Əhməd Oruc, VAMBP sədri Hacıbaba Əzimov, İslam və digər partiyaların nümayəndələri iştirak ediblər.
Xatırladaq ki, tədbir İ. Qəmbərin təşəbbüsü, M. Mirəlioğlunun təşkilatçılığı ilə keçirilib.
Ə. Kərimli və C. Həsənli bundan əvvəl də eyni mövzuda keçirilmiş tədbirə qatılmamışdılar.