“Ədalət, xeyirxahlıq və təhlükəsizliyi bütün bəşəriyyət qəbul edir, ancaq bunlar bütün insanların bir-birini başa düşməsindən sonra bərqərar ola bilər”.
Lent.az-ın məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumu və bir sıra beynəlxalq qurumların təşəbbüsü ilə keçirilən “Dövlət və Din: Dəyişən dünyada tolerantlığın gücləndirilməsi” I Beynəlxalq Bakı Forumunda çıxış edən İran prezidentinin müşaviri, İslam Mədəniyyəti və Əlaqələri Təşkilatının sədri Məhəmməd Baqir Xürrəmşad söyləyib.
Məhəmməd Baqir Xürrəmşad deyib ki, əvvəllər insanların ehtiyacları bəsit olub, indi insanların ehtiyacları çoxalıb, qarşılıqlı əlaqəyə, kommunikasiyaya ehtiyac artıb. O deyib ki, elmi nailiyyətlərdən bütün bəşəriyyət istifadə etməlidir, Qərb isə bunun əleyhinədir, bu texnologiyaları inhisara almağa çalışır: “Bəşəriyyət artıq inkişaf dövrünə qədər qoyur. Bu gün insanlar bəzi təhdidlərdən qorxur. İnsanlar sülh şəraitində yaşamalıdırlar. Texnoloji nailiyyətlərdən istifadə edilərək insanlar bir-birinə hücumlar edirlər. Bu, yolverilməzdir və ixtilafa gətirib çıxara bilər”.
O vurğulayıb ki, Allaha şərik qoşmaq olmaz və bu, Quranda da əksini tapıb: “Bütün dinlərin əsası eynidir, Adəmdən Məhəmməd peyğəmbərə qədər bir yol var. Digər tərəfdən, islam sülhü nəzərdə tutaraq müsəlmanlarla problemləri olmayanlara çağırış edir. İslamdan, şiədən qorxmaq düzgün deyil”.