İranın ölkəmizə və Ermənistana münasibəti yadıma sovet dönəmindən qalma bir lətifəni saldı. Deməli, Azərbaycan bolşeviklərinin rusca yaxşı bilməyən liderlərindən biri Moskvada keçirdiyi görüşdə deyir: “Tovariş, biz sizə nöyüt kaçay-kaçay, siz də bizə sosializm davay-davay”.
İranlı din xadimi Seyid Həsən Amilinin ölkəmizə xitabən dedikləri də ona oxşayır.
Ərdəbilin imam-cüməsi Azərbaycan Respublikasındakı əzadarlara müraciət edərək, deyib: “Əgər İmam Hüseynə (ə) böyük xidmət göstərmək istəyirsinizsə, Aşura günü hər bir şəhərdə böyük izdihamla əzadarlıq edin”.
Öz aləmində Azərbaycan hakimiyyətinə tövsiyə verən imam cümə bunları da bildirib:
“Azərbaycan dövləti əzadarlıq toplantılarından qorxmasın. Hüseyn (ə) əzadarlarını bu Respublikada vəhhabilər və ermənilər qarşısında sıxıntıya salmaq olmaz. Əzadarlar İmam Hüseynə (ə) sevgilərini bacardıqları həddə əzəmətlə dünyaya göstərməlidir”.
Öncə onu bildirək, sovetlər dövründə Məhərrəm ayının başlaması ilə bağlı nə fitva verən bir qeyri-hökumət təşkilatı var idi, nə də ölkəmizin ictimaiyyətinə məsləhət verən Amili kimilər. Ancaq onda Azərbaycan Sovet Sosialist Respublikasının insanları bu günləri qeyd edirdilər. Hətta şəbih belə çıxarırdılar. Düzdür, o zaman indiki qədər sərbəstlik yox idi. Çünki allahsızlıq təbliğ edilirdi...
Maraqlıdır, ölkəmizə dini təbliğatı “davay, davay” edən, Ərdəbilin imam cüməsi son günlər vətəndaşı və təbliğçisi olduğu İslam Respublikasının hətta Məhərrəm ayı ərəfəsində Ermənistanla əldə etdiyi anlaşmaları heç yada da salmır. Halbuki müsəlman Azərbaycanın ərazisini işğal edən Ermənistanla bu sayaq əməkdaşlıqlar onların mövqeyinin möhkəmlənməsinə xidmət etməkdir. İslam Respublikasının Ermənistana yardımı azərbaycanlıları işğal altında olan torpaqlarını azad etməkdə “sıxıntıya salır”.
Amiliyə və Azərbaycan Respublikasının vətəndaşlarına “mollalıq” etmək istəyən digərlərinə düşünmək üçün İslam Respublikası ilə Ermənistan arasındakı əlaqələrə dair xatırlatma:
Oktyabrın 9-da Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının rəisi Yuri Xaçatryan Tehranın İrəvandakı səfirliyinin yeni hərbi attaşesi ilə görüşdə tərəflər arasında hərbi-siyasi əməkdaşlığın inkişafı məsələsini müzakirə edib.
Lazaryan adına Ermənistan Beynəlxalq münasibətlər İnstitutunun direktoru Anait Rüstəmyan bildirib ki, Ermənistan İranın dəstəyini heç vaxt unutmayacaq.
Lent.az-ın Ermənistan KİV-ə istinadən məlumatına görə, İranın “Mükarər industrial qrup”u Ermənistan iqtisadiyyatının çeşidli sahələrinə ciddi sərmayə yatırmağa, özəlliklə bentonit istehsalına hazır olduğunu bildirib.
Tehranın İrəvandakı səfiri Məhəmməd Rəisi isə deyib k ki, ölkəsinin prezidenti Həsən Ruhaninin Ermənistana rəsmi səfəri planlaşdırılıb. Bu səfərin tarixi hələ dəqiqləşdirilməyib. Ancaq bu səfərin ermənilərin qondarma tarixinin “100 illiyi mərasimlərinə” təsadüf edəcəyi gözlənilir.
Rəsmi dəvəti oktyabrın 20-də Tehrana səfər edən baş nazir Ovik Abramyan çatdırıb. Mərasimlər 2015-ci il aprelin 24-də İrəvanda keçiriləcək.
Həsən Ruhaninin dəvətə münasibəti açıqlanmasa da, onun Serj Sərkisyana və erməni xalqına salam göndərdiyi bildirilir.
Bu yaxınlarda isə Təbriz şəhərinin meri Sadıq Nəcəfi İrəvanla əlaqələri daha yaxşı qurmaq ideyasını irəli sürüb. O, Təbrizdə İranın Ermənistandakı səfiri Məhəmməd Rəisini qəbul edərkən bildirib ki, Təbrizlə İrəvan arasında əlaqələr genişləndirilməlidir. Sadıq Nəcəfi səfirə deyib: “Təbriz şəhər rəhbərliyi İslam Respublikasının Ermənistanla mədəni və ictimai münasibətləri gücləndirməsində fəal rol oynamağa hazırdır. Təbrizdə yaşayan çoxsaylı erməni vətəndaşlar iki ölkə arasında dəyərli tarixi və ictimai keçmişin simvolu sayılırlar. Təbriz ermənilərinin müqəddəs müdafiə illərində (İran-İraq müharibəsi illəri nəzərdə tutulur – S.S.) göstərdiyi canfəşanlıqlar bu əzizlərin (ermənilərin) İranın ərazi bütövlüyünə olan rəğbət və sədaqətinin bariz nümunəsidir”.
Ermənistan Milli Statistika Xidməti 2013-cü ildə ölkənin xarici ticarət dövriyyəsinə dair məlumat yayımlayıb.
Məlumata əsasən, diri davarın (qoyun, keçi) ixracatı xarici ticarətdə 17-ci yerdədir. Ermənistan davarları yalnız İslam Respublikasına ixrac edir. 2010-cu ildə 481 min davar ixrac edilmişdisə, cari ilə bu rəqəm 687 min baş olub.
İslam Respublikası ilə Azərbaycan torpaqlarını işğal etmiş Ermənistan arasında belə isti münasibətin davam etməsi bir daha Tehranın təcavüzkara yardım etdiyini təsdiqləyir. Bu azmış kimi İran rəsmiləri Təbrizi İrəvanla “qardaşlaşdırmaq” niyyətlərini də gizlətmir.
Ermənilərlə “qardaşlaşma” əməliyyat bununla bitmir. Ötən həftə İran-Ermənistan sənaye-ticarət palatasının biznes forumunda ikitərəfli görüş keçirilib. Qurumun rəhbərliyi Ərdəbil əyaləti ilə Ermənistanın Şirkat vilayəti arasında əməkdaşlığa dair memorandum imzalayıb.
Ermənistan baş nazirinin Tehrana səfərindən sonra bəzi xarici mətbuat orqanlarında İranın bu ölkəyə 2 milyard dollar yardım edəcəyi barədə məlumat dərc olunmuşdu.
Düzdür, bu xəbəri İranın Xarici İşlər Nazirliyinin mətbuat departamenti təkzib edib. Ancaq bu, İslam Respublikası ilə Ermənistan arasında münasibətlərin isti olduğunun yeganə sübutu deyildi...
Belə bir şəraitdə İran mollalarının, o cümlədən cənab Amilinin bizə islam “davay, davay” etməsinə ehtiyac varmı?!