Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadə Türkiyədə keçirilmiş prezident seçkilərinin qalibi Rəcəb Tayyib Ərdoğana təbrik məktubu yollayıb. Partiyanın mətbuat xidmətindən Lent.az-a daxil olan məlumata görə, təbrik məktubu həm Ankaraya Çankaya köşkünə, həm də Türkiyə Cumhuriyyətinin Azərbaycandakı səfirliyinə göndərilib.
Təbrik məktubunda deyilir:
“Hörmətli Rəcəb Tayyib Ərdoğan, Sizi qardaş ölkə, Türkiyə Cumhuriyyətinin Prezidenti seçilməniz münasibəti ilə təbrik edirəm. Demokratik ənənələrin mövcud olduğu məmləkətdə seçkilərin nəticəsi həm də xalqın zəfərinin təntənəsi hesab olunur. Bu səbəbdən Türkiyə vətəndaşlarının öz iradələrini azad şəkildə ifadə etməsi imkanı xüsusi qabardılıb və bu Yaxın Şərq ölkələri üçün nümunə ola biləcək hadisədir.
Sayğıdəyər Cumhurbaşqanı!
İnanıram ki, Azərbaycanla qardaşlıq və doğmalıq üzərində qurulan münasibətlər bundan sonra da inkişaf edən xəttlə davam edəcək. Bununla yanaşı biz, Azərbaycan Ümid Partiyası olaraq rəhbərlik etdiyiniz Ədalət və İnkişaf Partiyası ilə əməkdaşlığımıza verdiyiniz önəmə görə də Sizə ayrıca təşəkkür edirəm. Qarşılıqlı səmimiyyətə və insani dəyərlərə söykənən əməkdaşlığımızın bundan sönra da inkişafında maraqlı olduğumuzu bir daha bəyan etmək istərdim”.