İmtahandan layiqincə çıxmalı
08 iyun 2015 10:36 (UTC +04:00)

İmtahandan layiqincə çıxmalı

Birinci Avropa Yay Oyunlarının başlanmasına sayılı günlər qalıb. Hamı böyük maraqla bu möhtəşəm idman tədbirinin açılışını gözləyir. Bu da təbiidir. Qoca qitə tarixində ilk dəfə keçirdiyi və bir çoxlarının adlandırdığı “kontinental olimpiya oyunu”na ev sahibliyi etməyi cəmi 24 yaşı olan gənc, eyni zamanda kifayət qədər təcrübəli və özünə güvənən bir dövlətə - Azərbaycana etibar edibdir. Bundan qürur duymamaq və buna sevinməmək mümkün deyildir.

 

Fəxarət hissi ilə yanaşı, etiraf edək ki, məsuliyyətdən irəli gələn bir həyəcan və narahatlıq hissi də var. Axı Azərbaycan adlı evimizə gələn on minlərlə qonağı yüksək səviyyədə qarşılayıb yola salmaq, onların təhlükəsizliyini təmin etmək, mümkün təxribatların qarşısını almaq və bir sözlə bütün təşkilatı işləri yüksək səviyyədə qurmaq bizim üçün təkcə bir nüfuz məsələsi deyil, bu hər şeydən əvvəl milli kimliyimizin və dövlətçiliyimizin dünya ictimaiyyəti qarşısında təkrar təsdiqi və müdafiəsi məsələsidir. 
Məhz elə bu amilin nəticəsidir ki, biz bu gün Avropa oyunlarının idman müstəvisindən tamamilə çıxardılaraq siyasi və geosiyasi haqq-hesab çəkmək müstəvisinə sürüklənməsi cəhdlərinin də şahidi oluruq. Hər keçən gün nifrət və qəzəb dolu anti-Azərbaycan kampaniyasının gücləndiyini və bu kampaniyaya yeni-yeni kəmfürsətlərin və bədxahların qoşulduğunu müşahidə edirik. Biz hamımız yaxşı anlayırıq ki, 1500-dən çox jurnalistin ölkəmizə gəldiyi və Azərbaycanın dünya ictimaiyyətinin diqqətində olduğu bir vaxtda bu dairələr heç vaxt sakit durmaz və bu fürsəti əldən verməzlər. Ona görə də ölkəmizə qarşı aparılan bu informasiya savaşı artıq heç kimi təəccübləndirmir. 
 

Ancaq məni burada narahat edən bir məqam var. Bu da ictimaiyyətin və onun əsas gücü olan mətbuatın bu savaşa nə qədər hazır olması məsələsidir. Son günlər apardığım müşahidələr göstərir ki, bəzi jurnalist dostlarım məlumat yayarkən bir sıra həssaslığı nəzərə almırlar. Məsələn, məlumat yayıldı ki, Almaniya kansleri Merkel və Fransanın prezidenti Olland Avropa oyunlarını boykot edərək açılış mərasimində iştirak etməyəcək.

 

Sual olunur: bu şəxslər nə zaman açılış mərasimində iştiraklarını təsdiq etmişdilər ki, sonra da ondan imtina etsinlər? Bir də bu dövlət və hökumət başçılarının zirvə toplantısı deyil ki, bütün prezidentlər və baş nazirlər iştirak etsin. Biz nəvaziş və protokol xətrinə hər kəsi dəvət edə bilərik. Kim istəyir iştirak etsin, kim istəyir etməsin. Bu onların öz işidir və bunun Avropa Oyunlarının gedişinə və möhtəşəmliyinə heç bir təsiri yoxdur.

 

Ona görə də jurnalistlərimiz bunu kiminsə tədbiri boykot etməsi kimi təqdim edəndə, gərək həm xəbərin doğruluğunu, həm də milli maraqlarımıza uyğunluğunu nəzərə alardı. Unutmamalıyıq ki, bu cür yanlış məlumatlardan ölkəmizə qarşı aparılan kampaniyada istifadə edənlər var və biz buna qətiyyən yol verməməliyik. Hamımız ölkəmizin bu imtahandan layiqincə çıxması üçün məsuliyyət daşıyırıq və çalışaq ki, belə bir həssas dönəmdə kimlərisə sevindirməyək. Onsuz da dünyada bədxahlarımız az deyil...

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 230
avatar

Azay Quliyev

Oxşar yazılar