Lent.az-ın AzərTAc-a istinadən xəbərinə görə, dövlət başçısı Azərbaycan ilə Asiya İnkişaf Bankı arasında uzun illər uğurlu əməkdaşlığın həyata keçirildiyini vurğulayaraq icra olunan layihələrin ölkəmizin iqtisadi inkişafı, o cümlədən müasir infrastrukturun yaradılması işinə töhfə verdiyini qeyd edib.
Asiya İnkişaf Bankının prezidenti Takehiko Nakao Bakıda gedən inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını bildirib. O, gələn il Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının Azərbaycanda keçiriləcək 48-ci illik toplantısının əhəmiyyətinə toxunaraq ölkəmizdə bu tədbirin yüksək səviyyədə təşkil olunacağına və xeyli sayda ölkənin dövlət və özəl sektorunun nümayəndələrinin bu toplantıda təmsil olunacağına əminliyini vurğulayıb.
Prezident İlham Əliyev Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının 2015-ci ildə Bakıda keçiriləcək 48-ci illik toplantısının beynəlxalq əməkdaşlığın daha da möhkəmləndirilməsi, ölkəmizin dünyaya yüksək səviyyədə təqdim olunması, Azərbaycanda gedən iqtisadi inkişaf prosesləri ilə daha yaxından tanış olmaq baxımından əhəmiyyətini qeyd edib. Dövlət başçısı Asiya İnkişaf Bankı ilə əməkdaşlığın bundan sonra da genişləndiriləcəyinə əminliyini bildirib.
Prezident həmçinin Dünya Bankının Avropa və Mərkəzi Asiya regionu üzrə vitse-prezidenti Lora Takın başçılıq etdiyi nümayəndə heyətini də qəbul edib.
Görüşdə Azərbaycanla Dünya Bankı arasında səmərəli əməkdaşlığın həyata keçirildiyi qeyd olunub. Azərbaycanda iqtisadi fəaliyyətin daha da optimallaşdırılması, xidmət sahəsində həyata keçirilən genişmiqyaslı islahatların, o cümlədən ölkəmizdə yaradılan “ASAN xidmət” tərəfindən görülən işlərin əhəmiyyəti vurğulanıb. Bildirilib ki, Dünya Bankı Azərbaycanda həyata keçirilən iqtisadi layihələrə öz dəstəyini verməkdə maraqlıdır.
Söhbət zamanı Azərbaycanın müvafiq qurumları ilə Dünya Bankı arasında əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.