“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı dövlət proqramı"nın icrasının 1-ci ilinin yekunlarına həsr olunmuş konfrans keçirilib. Lent.az-ın AzTV-yə istinadən məlumatına görə, prezident İlham Əliyev konfransda çıxış edərək, ötən dövrdə dünyada siyasi, iqtisadi və maliyyə böhranının yeni mərhələsinin başlanmasına baxmayaraq, Azərbaycanda sabitliyin və inkişafın hökm sürdüyünü bildirib. O, bu amilin əsasında iqtidarla xalq arasında olan birliyin dayandığını diqqətə çatdırıb. Prezident İlham Əliyev əmin olduğunu bildirib ki, regionların sosial-iqtisadi inkişafına dair üçüncü dövlət proqramı da uğurla icra olunacaq və nəticədə əvvəllər olduğu kimi, bütün ölkə üzrə investisiya proqramlarının icrası, sahibkarlara verilən dəstəyin, quruculuq-abadlıq işlərinin davam etdirilməsi və digər məsələlərin həlli müntəzəm xarakter daşıyacaq. Son 11 ildə regionların inkişafı ilə bağlı əldə olunan nəticələrin kifayət qədər ciddi dayaqlarının olduğunu deyən prezident İlham Əliyev bunu statistik rəqəmlərlə əsaslandırıb. Prezident deyib ki, son 11 ildə ölkədə 1 milyon 360 min yeni iş yeri açılıb, onlardan 1 milyonu daimidir. “Həyata keçirilən tədbirlər nəticəsində işsizlik və yoxsulluq indi 5 faiz səviyyəsindədir. Bununla yanaşı, dünyanın aparıcı reytinq agentlikləri ölkəmizin reytinq göstəricilərini artırıb, Davos İqtisadi Forumu Azərbaycanı inkişaf göstəricilərinə görə dünya üzrə 38-ci yerdə qərarlaşdırıb. Dövlət başçısı onu da vurğuladı ki, hazırda dünyanın inkişaf etmiş ölkələrinin belə xarici yardımlardan bəhrələndiyi bir vaxtda Azərbaycan bütün uğurlara öz imkanları hesabına, təkbaşına çatıb. İqtisadi gücün siyasi səhnədə də öz sözümüzü deməyə, milli maraqlarımızı qorumağa imkan yaradır”.
Prezident İlham Əliyev Azərbaycandan fərqli olaraq Ermənistanın aciz durumundan danışıb. “Kriminal rejimin rəhbərlik etdiyi bu ölkənin öz çirkin və işğalçılıq siyasətindən əl çəkmədiyi təqdirdə müstəmləkə durumu daha da dərinləşəcək”.
Ölkədə sosial sahənin də inkişaf etdiyini qeyd edən Prezident İlham Əliyev bildirib ki, indi ölkədə orta aylıq əmək haqqı 565 dollar, orta pensiya 221 dollardır. Bu illərdə 2900 məktəb, 560 tibb ocağı tikilib və təmir olunub.
Prezident İlham Əliyev Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars, TANAP kimi nəhəng enerji və nəqliyyat layihələrinin ölkəmizin gücünü daha da artırdığını bildirib.
Sonra iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev, kənd təsərrüfatı naziri Heydər Əsədov, Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadə, “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov son bir il ərzində görülən işlər barədə məruzə etdilər.
Yekun çıxışında Prezident İlham Əliyev qarşıda duran bütün planların həyata keçirilməsi üçün makro-iqtisadi sabitliyin qorunub saxlanmasının zəruri olduğunu diqqətə çatdırıb.