İctimai Palatanın (İP) sessiyası keçirilib.
APA-nın məlumatına görə, əvvəlcə İP Koordinasiya Şurasının üzvü Rauf Arifoğlu son iki ayın dönəm sədri kimi hesabat xarakterli çıxış edib.
Sonra sessiyada çıxış edənlər - qurumun Koordinasiya Şurasının üzvləri AXCP sədri Əli Kərimli, Vidadi Mirkamal, Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn, hüquq müdafiəçisi Vidadi İsgəndərli, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı, Müsavat partiyası Gənclər Təşkilatının sədri Tural Abbaslı, adıçəkilən partiyanın başqanının müşaviri Mustafa Hacıbəyli, AXCP Gənclər Təşkilatının sədri Əbülfəz Qurbanlı, Müsavat Partiyasının başqanı İsa Qəmbər İctimai palatanın 2013-cü il strategiyası haqda danışaraq, öz təklif və mülahizələrini açıqlayıblar.
Bir qədər əvvəl həbsdən azad edilən Vidadi İsgəndərli çıxışında İP-dəki bütün siyasi qurumları və onların rəhbərlərini səmimi şəkildə birləşərək iqtidarla mübarizəyə çağırıb. Fuad Qəhrəmanlı isə İP-in bu formatda uğur qazanmaq imkanlarının aşağı olduğunu söyləyib: “Açıq qapı siyasəti elan olunsun və kənarda qalan siyasi qüvvələrə müraciət edilsin. Müxalifətin birliyi istiqamətində işlər aparmalıyıq. Ən çox sevdiyimiz yox, ən çox şanslı namizədə üstünlük verilməlidir. Mart ayına qədər İctimai Palatanın İcra Aparatı, komissiyaları formalaşmalıdır”.
F. Qəhrəmanlının bu fikirləri Tural Abbaslı tərəfindən etirazla qarşılanıb, vəziyyətin gərginləşməsinə isə partiyadaşları tərəfindən imkan verilməyib.
Çıxışlar bitdikdən sonra isə İP KŞ-nın dekabrın 19-da keçirilən iclasında “İctimai Palatanın 2013-cü ildəki fəaliyyətinin prioritet istiqamətləri” ilə bağlı verdiyi qərar layihəsi səsə qoyulub. Sessiya sənədin gələcəkdə ümumi mövqe kimi əsas götürülməsi ilə bağlı qərar qəbul edib. Əlavə olaraq qeyd olunub ki, sessiyada səslənən digər təkliflər də Koordinasiya Şurası tərəfindən müzakirə olunaraq, sənədə əlavə olunacaq. Həmçinin, sessiya fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayevin təqdim etdiyi video görüntülərlə bağlı komissiyanın yaradılmasına dair də qərar verib.