Millət vəkili Hacı Qalib Salahzadə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsini sərt tənqid edib.
Lent.az-ın verdiyi məlumata görə, Hacı Qalib Salahzadə bu gün Milli Məclisin Regional məsələlər komitəsinin iclasında çıxışı zamanı Bakı kəndlərinin xəritələşdirilməsi məsələsinin yenə də problem olaraq qalmaqda olduğunu söyləyib.
Hacı Qalib Salahzadə deyib ki, bu məsələ ilə bağlı dəfələrlə Regional məsələlər komitəsində, o cümlədən, parlamentin plenar iclasında müzakirələr açılıb: “Bir neçə gün öncə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən Bakı kəndlərindən 10-nun xəritəsi hazırlanaraq, həmin kəndlərin bələdiyyə sədrlərinə və yerli icra nümayəndələrinə təqdim olunub. Ancaq çox təəssüflər olsun ki, həmin xəritələrin heç biri düz olmayıb və hamısı yenidən həmin Komitəyə geri qaytarılıb. Mən başa düşə bilmirəm, bu, nə savadsızlıqdır, onlar bu xəritəni harada, necə hazırlayıblar? Çox xahiş edirəm ki bu məsələyə əməlli-başlı bir aydınlıq gətirilsin”.
Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə isə bildirib ki, kənd və qəsəbələrin, o cümlədən Bakının tərkibindəki inzibati ərazi dairələrinin, sərhədlərinin müəyyənləşdirilməsi, xəritələrinin hazırlanması ilə bağlı ölkə başçısının müvafiq sərəncamı var: “Hazırda da bu sərəncamdan irəli gələn məsələlər üzərində işlər görülür. İndi ola bilsin ki, bu məsələdə hansısa çatışmazlıqlar, nöqsanlar olsun. Amma xüsusilə Bakı şəhərində vəziyyət, infrastruktur elədir ki, bir kommunikasiya bu ərazidən başlayır, digərində başa çatır. Buna görə bu məsələdə nöqsanların olması başa düşüləndir. Məsələn, vaxtilə Abşeron rayonunda 2 nömrəli sovxoz deyilən yaşayış məntəqəsi mövcud olub, ancaq indi sovxoz olmadığı üçün həmin yaşayış məntəqəsi bir növ arada qalıb. Bununla belə inanıram ki, Bakı kəndlərinin xəritələrinin aparılması istiqamətində işlər bundan sonra daha intensiv xarakter alacaq”.