Gürcüstanın Azərbaycandakı səfirliyi ötən gün "Neftçi"-"Çixura" qarşılaşmasında qonaq klubun azarkeşlərinin Azərbaycanın bəzi bölgələrinin Gürcüstan ərazisi kimi təsvir edən pankartın qaldırılmasına münasibət bildirib.
Lent.az-ın məlumatına görə, səfirlikdən “1news.az”-a bildirilib ki, “Azərbaycan - Gürcüstan münasibətlərinə zərbə vurmaq istəyən qüvvələr var”.
Səfirlikdən həmçinin bu hadisə təxribat xarakteri daşıdığını vurğulayıb.
Qeyd edək ki, ötən gün keçirilən qarşılaşmada gürcü azarkeşlər oyunun keçirildiyi "Bakcell Arena" stadionunda yer aldıqları tribunadan Azərbaycanın Zaqatala və Qax rayonlarının Gürcüstan ərazisi kimi göstərildiyi xəritə asıblar. Bu isə yerli azarkeşlərin kəskin etirazına səbəb olub və nəticədə qarşıdurma yaranıb. Xidməti ərazidə ictimai asayişin və təhlükəsizliyin qorunmasına cəlb olunmuş polis və Daxili Qoşun əməkdaşları tərəfindən görülmüş operativ və qətiyyətli tədbirlər nəticəsində hadisənin kütləvi iğtişaşa çevrilməsinin qarşısı alınıb. Ehtimal olunur ki, bu təxribat Azərbaycanla Gürcüstan arasında yaxın dostluq və mehriban qonşuluq münasibətlərini pozmaq istəyən qüvvələrin əməlidir.
Hər iki ölkənin hüquq-mühafizə orqanları tərəfindən araşdırmalar aparılır. (azvision.az)