Gültəkin Hacıyevanın keçmiş həyat yoldaşından ağır ittihamlar
17 may 2013 15:49 (UTC +04:00)

Gültəkin Hacıyevanın keçmiş həyat yoldaşından ağır ittihamlar

0

Milli Məclisin keçmiş deputatı Gültəkin Hacıyevanın sabiq həyat yoldaşı, Bakı şəhər sakini Mahmud Mehdiyev mətbuat konfransı keçirib.

 

APA-nın məlumatına görə, M.Mehdiyev bildirib ki, bu illər ərzində G.Hacıyeva ilə aralarında baş verənləri dövlətin maraqlarına xələl gəlməsin deyə, dilə gətirməyib.

 

O qeyd edib ki, toylarına iki həftə qalmış 2003-cü ilin mayında keçmiş prezident Heydər Əliyevin göstərişinə əsasən order əsasında Bakı şəhər İcra Hakimiyyəti tərəfindən G.Hacıyevaya paytaxtın S.Vurğun küçəsi-92 a ünvanında, 12 saylı evdə 3 otaqlı mənzil verilib: “Həmin mənzilin təmirinə və mebelə mənim tərəfimdən valideynlərimin köməyi ilə 50 min dollar xərc çəkildi. Gültəkin Hacıyeva bildirmişdi ki, evi təmir edəndən sonra yüksək qiymətə icarəyə verib xərcimizi çıxararıq. Toydan sonra biz müvəqqəti olaraq anam Məmmədova Nəhayət Vəli qızının mülkiyyətində olan Bakı şəhəri, Azadlıq prospekti 114-də yerləşən 81 saylı 2 otaqlı mənzildə yaşamışıq. Lakin təmir qurtaran ərəfədə, yəni 2004-cü ilin avqust ayında biz faktiki boşandıqdan sonra o, nəinki mənim evə çəkdiyim xərci ödədi, hətta bildirdi ki, bizim başımıza oyun açacaq. Gültəkin Hacıyeva ilə ayrıldıqdan sonra 3 otaqlı mənzilin təmiri ilə əlaqədar yaranmış borcların qaytarılmasından ötrü anam qanunla ona verilmiş mülkiyyət hüququnu həyata keçirərək 2 otaqlı mənzilini satmış və borcları qaytarmışdı”.

 

O, G.Hacıyeva tərəfindən qarşılaşdıqları əsassız təzyiqlərlə əlaqədar ciddi problem yaşadıqlarını da söyləyib. Onun sözlərinə görə, deputat mandatından istifadə edərək, birgə yaşadıqları müddətdə pasport qeydiyyatında olmadığı halda, anasının mülkiyyətində olan və sonradan G.Hacıyevanın təqsirindən borcların ödənilməsi üçün satılmış 2 otaqlı mənzilin alqı-satqı müqaviləsinin ləğv edilməsi və yaşayış hüququnun tanınmasına dair məhkəmədə iddia qaldırıb, Nəsimi rayon məhkəməsində qanunsuz qətnamə qəbul etdirilməsinə nail olub: “Bakı Apelyasiya Məhkəməsinin qüvvəsində saxladığı qanunsuz qətnaməni Ali Məhkəmə ləğv edərək, yeni baxışa qaytardı. Analoji məsələlər barədə Konstitusiya Məhkəməsinin qərarı olduğu halda, Gültəkin Hacıyevanın birbaşa müdaxiləsi, təzyiqi və sifarişi ilə məhkəmə kollegiyası məcbur olub tanınmayan yaşayış hüququnun əvəzinə, bizim tərəfimizdən 22 000 manat kompensasiya ödənilməsi barədə qərar qəbul etdi və o pul bizdən alındı. Bu ev məsələsində Gültəkin Hacıyeva nəinki mənimlə anamın, hətta anamın satdığı 2 otaqlı mənzili alan bir uşaqlı ananın, yəni Xuraman Mirzəyevanın da konstitusion hüquqlarını pozdu. Sonuncu öz hüquqlarını müdafiə etməkdən ötrü iki dəfə vəkillə müqavilə bağlamış və müxtəlif məhkəmə instansiyalarına ayaq döyməyə məcbur olmuşdu. Gültəkin Hacıyeva müxtəlif qadınları öyrədərək Xuraman Mirzəyevaya hədə-qorxu gəlmiş, bizdən pul almağa təhrik etmişdi”.

 

M.Mehdiyev keçmiş həyat yoldaşının oğlunu alver mənbəyinə çevirdiyini, maddi tələblər qoyaraq oğlu ilə görüşmək imkanından məhrum edildiyini də diqqətə çatdırıb: “Bu səbəbdən “Uşaqla görüş qaydasının müəyyən edilməsinə dair” iddia ərizəsi ilə Səbail rayon məhkəməsinə müraciət etdim. Uzun axtarışlardan sonra Gültəkin Hacıyevanın Əhməd Rəcəbli küçəsi, ev 5-də heç bir sanitar qaydalara cavab verməyən mənzildə oğlumla və öz anası ilə kirayənişin yaşadığını müəyyən etdim. O, mənim uşaqla görüşməyimin qarşısını almaq məqsədilə eyni zamanda Səbail rayon məhkəməsində işə obyektiv baxılmasına maneə törətmək üçün barəmdə yalan, böhtan və təhqiramiz xarakterli ərizə ilə 18.02.2005-ci il tarixdə Daxili İşlər Nazirinə müraciət etdi. G.Hacıyeva ərizəsində onu və azyaşlı oğlumu döyməyimi, öldürməklə hədələməyimi və s. iddia etrmişdi. O, Səbail rayon İcra Hakimiyyəti Qəyyumluq və Himayəçilik Komissiyasının görüşməklə bağlı qərarına da saymazlıq edib”.

 

M.Mehdiyev bildirib ki, qarşılaşdığı problemlə bağlı ölkə rəhbərliyinə mətbuat konfransı vasitəsilə müraciət edir.  

 

Xuraman Mirzəyeva isə məsələ ilə əlaqədar Milli Məclisin sədri, həmin vaxt parlamentin İntizam Komissiyasının sədri Ağacan Əbiyevə şikayət göndərdiyini deyib.

 

O bildirib ki, əksinə olaraq, G. Hacıyevanın öyrətdiyi şəxslər tərəfindən təzyiqlərə məruz qalıb. X. Mirzəyeva G. Hacıyeva tərəfindən hüquqlarının pozulduğunu da iddia edib.

 

G. Hacıyeva məsələyə hələlik münasibət bildirməsə də, Ziyalılar Forumu keçmiş millət vəkilinin ünvanına səslənən ittihamlara etirazını bəyan edib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2260

Oxşar yazılar