“Müsavat Partiyasının qurultayını Səttar Bəhlulzadə adına Mədəniyyət Evində keçirmək olar”.
Bunu APA-ya açıqlamasında Müsavat başqanının müavini Gülağa Aslanlı deyib.
Xatırladaq ki, Bakı Şəhər İcra Hakimiyyəti Müsavata qurultay keçirmək üçün Bakının Əmircan qəsəbəsində yerləşən Səttar Bəhlulzadə adına Mədəniyyət Evini təklif edib.
G.Aslanlı deyib ki, partiya qurultayını təklif olunan yerdə keçirib-keçirməmək barədə qərarını sentyabrın 15-də Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin toplantısında açıqlayacaq. O hesab edir ki, Müsavat qurultayını təklif olunan yerdə keçirə bilər: “Bu, mənim fikrimdir. Bütün hallarda bu barədə ümumi müzakirələrdən sonra konkret qərar veriləcək”.
Qeyd edək ki, Müsavat qurultayını sentyabrın 27-nə təyin edib. Hələlik Arif Hacılı və Tural Abbaslı partiya başqanlığına namizədliyini rəsmi şəkildə irəli sürüb.