“Milli Şura oktyabrın 12-də mitinq keçirmək barədə qərar veribsə, biz, elə şəxsən mən özüm bunu təqdir edirəm. Amma mitinqlə bağlı Milli Şuradan bizə hər hansı müraciət daxil olmayıb. Müraciət daxil olarsa, biz bunu müzakirə edib, qərar verə bilərik”. Bu sözləri Lent.az-a açıqlamasında Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlı Milli Şuranın oktyabrın 12-də Bakıda təyin etdiyi mitinqə münasibət bildirərkən deyib.
Gülağa Aslanlı Müsavat Partiyasının daxil olduğu Siyasi Partiyaların Demokratiya və İnsan Haqları Mərkəzi təşkilatının da mitinqlə bağlı yaxın vaxtlarda qərar qəbul edəcəyini deyib: “Bildiyiniz kimi, Müsavat Partiyasının da daxil olduğu Siyasi Partiyaların Demokratiya və İnsan Haqları Mərkəzi təşkilatında da mitinqlərin, aksiyaların keçirilməsi məsələsi müzakirə mövzusudur. Zamanı çatanda, mitinqlə bağlı dəqiq qərar veriləcək”.
Qeyd edək ki, sentyabrın 30-da Milli Şuranın Koordinasiya Mərkəzinin iclası keçirilib. İclasda oktyabrın 12-də Bakıda mitinq keçirməklə bağlı qərar qəbul edilib. Mitinqə yer ayırması üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət ediləcək.