Fransa parlamentinin üzvü, Azərbaycanın Dostları Assosiasiyasının Prezidenti Jan-Fransua Mansel prezident İlham Əliyevin Fransaya səfəri ilə bağlı bəyanatla çıxış edib.
Lent.az-ın məlumatına görə, Jan-Fransua Mansel bəyanatında bildirib ki, Ermənistan və Azərbaycan prezidentlərinin Fransaya ardıcıl səfərləri bəzi həqiqətləri tam qərəzsiz şəkildə xatırlatmaq üçün bir fürsətdir.
Bəyanatda Azərbaycan-Ermənistan münaqişəsinə dair bəlli həqiqətlər də öz əksini tapıb və qeyd edilib ki, 1991-1992-ci illərdə Ermənistan silah gücünə Dağlıq Qarabağı və Azərbaycanın ümumi ərazisinin 20%-ni təşkil edən 7 rayonunu işğal edib: "Bu işğal 1993-cü ildə Birləşmiş Millətlər Təşkilatı tərəfindən dörd dəfə pislənib. İşğal nəticəsində bir milyona yaxın mülki azərbaycanlı hər şeylərini itirib və bir daha öz doğma torpaqlarına qayıda bilməyən bu insanlar bu gün də qaçqın və məcburi köçkün həyatı yaşamaqdadırlar. Ən dəhşətlisi isə odur ki, Ermənistan 1992-ci il fevralın 26-da 614 nəfər mülki şəxsin - kişi, qadın və uşaqların vəhşicəsinə qətlə yetirilməsinə səbəb olan Xocalı soyqırımını törədib. Bunu bir qədər sonralar Ermənistanın prezidenti olmuş Serj Sarkisyan 2000-ci ildə belə etiraf edib: "Xocalı hadisələrindən əvvəl azərbaycanlılar elə bilirdilər ki, bizimlə zarafat edə bilərdilər, onlar ermənilərin mülki əhaliyə hücum edəcəyinə inanmırdılar. Biz bu inamı (stereotipi) qıra bildik. Baş verənlərin hamısı çox yaxşıdır.”
Beləliklə, nə qədər güclü olsalar da, Fransadakı erməni diasporunun nümayəndələri işğalçıları “işğala məruz qalmışlar” kimi, cəlladları isə “məsum qurbanlar” kimi qələmə verərək həqiqətə başqa don geyindirə bilməzlər!
Azərbaycanda demokratiya ilə bağlı tənqidi fikirlər səsləndirənlər hansı haqla hakimiyyətin seçki ilə formalaşdığı, hələ 1918-ci ildə qadınlara seçki hüququ vermiş, 1998-ci ildə ölüm hökmünü ləğv etmiş, başqa yerlərdə bir-birini didib dağıdan sünnü və şiə müsəlmanların xristianlar və yəhudilərlə bir arada harmoniya və qarşılıqlı hörmət şəraitində birgə yaşamını təmin edən müstəqil bir dövlətə bu qədər lovğalıqla dərs vermək istəyirlər? Bütün bu nailiyyətlər üçün hamı Prezident Əliyevə borcludur".
Jan – Fransua Mansel arzusunu da dilə gətirib.
O qeyd edib ki, Ermənistanda yaşayan ermənilərin həyatı onların daim köç etdikləri Parisli “vəkillərinin” həyatına nisbətən çox ağırdır. Bu barədə düşünməyin vaxtıdır: “Yüz minlərlə azərbaycanlı ailələrin öz ev-eşiklərinə qayıtmasına imkan yaratmağın vaxtı deyilmi?
Hər il hər iki tərəfdən tökülən qanlara və axıdılan göz yaşlarına son qoymağın vaxtı deyilmi?
Hər şeyə rəğmən, hər iki ölkə ilə saxladığı daimi əlaqələr və beynəlxalq ictimaiyyətin ona etibar etdiyi vasitəçilik rolu sayəsində Fransa bu işə öz töhfəsini verə bilər. Hərəkətə keçməyin vaxtı çatıb”.