<b>Fazil Mustafadan Arif Rəhimzadəyə<span style="color:red;"> CAVAB: “Millətimizi danmalıyıqmı?” </b>
02 mart 2017 17:08 (UTC +04:00)

Fazil Mustafadan Arif Rəhimzadəyə CAVAB: “Millətimizi danmalıyıqmı?”

Azərbaycan Milli Məclisinin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadənin Rusiyanın KM.ru xəbər portalına verdiyi müsahibəsində “Biz türk deyilik” ifadəsini işlətməsi qalmaqala səbəb olub.

 

Lent.az-ın məlumatına görə, məsələ ilə bağlı fikir bildirən, millət vəkili Fazil Mustafa şəxsi feysbuk hesabında qeyd edib ki,  Arif Rəhimzadəyə obyektiv insan kimi hörmət etsə də, bu məsələdə onun tamamilə yanlış olduğunu düşünür.

 

 

F.Mustafa onun müsahibədə səsləndirdiyi fikirləri hətta zərərli də hesab edir.

 

 

F. Mustafa A. Rəhimzadənin bir neçə gün əvvəl Rusiya deputatları ilə görüşdə Azərbaycanın maraqlarını müdafiə etməsini və Rusiyanın addımlarını ittiham edən çox cəsarətli çıxışını xatırladaraq deyib ki, Arif müəllim özü də  təkzib verərək fikrinin təhrif olunduğunu söyləsə də, media vasitəsilə bu fikirlərin yayılması yaxşı hal sayıla bilməz.

 

F.Mustafanın sözlərinə görə, A.Rəhimzadənin Azərbaycan maraqlarını düşünən, dövlətçilik üçün fədakarlığa hazır olan insanlardan biri olduğuna qətiyyən şübhəsi yoxdur: “ Bununla belə, fikrimcə başqa ölkələrin media quruluşlarının təxribatçı suallarına daha diqqətlə yanaşması lazım idi. Baxın, şəxsən mən, türk millətindən olmağı özüm üçün şərəf hesab edirəm. Bu gün dilimizin adı siyasi anlamda Azərbaycan dilidir. Elmi cəhətdən Azərbaycan dili deyilən bir dil varmı? Bu dilin mənşəyi varmı? Xalq öz dilini doğru söyləməyəcək, onu dəyişdirəcək ki, bu kiminsə xoşuna gəlməyə bilər? Necə olur ki, Azərbaycanda talış, ləzgi, udin, kürd dillərinin mövcudluğundan danışılır, ancaq türk dilinin varlığından danışmaq qəbahət sayılır? Azərbaycanda türk dili yoxdur? Əslində isə Azərbaycan adlı bir dil yoxdur. Bu dilin elmi adı alternativsiz Türk dilidir. Millətin adını azərbaycanlı deyirsən. Azərbaycanlı millət var? Bu addan bir vətəndaşlıq modeli olaraq istifadə olunur. Vətəndaşlıq modelindən başqa bu mənşə olaraq nə millətidir? Təbii ki, Azərbaycanda bütün millətlərdən var, amma dominantlıq təşkil edən türklərdir. Türklər də bütün milli azlıqların hüquqlarının qorunmasının təminatçısıdır. Həm də buna görə məsuliyyət daşıyırlar. Onda rus xalqı desin ki, biz yoxuq. Biz Rusiya xalqıyıq? Onda da bizim kimi özbəöz türk olan tatar özünə tatar desin, çeçen özünə çeçen desin, rus da desin ki, mən rusiyalıyam? Bəli Azərbaycan dövləti var, hamımız Azərbaycan vətəndaşıyıq, hamımız qanun qarşısında bərabər hüquqa malikik. Amma bu dilin adı türk dilidir. Çoxluq adı türk dili olduğu üçün azlıq da ümumi ünsiyyət vasitəsi kimi bu dili qəbul etməlidir”.

 

Millət vəkili bu məsələni siyasi məqsəd kimi istifadə etməməyə dair çağırış edib: “ Necə olur ki, Anadolu türkü türk sözünü özünə şamil edir, biz türk ola-ola bunu özümüzə şamil etmirik? Sadəcə bu tanıtımı biz siyasi məqsəd kimi istifadə etməməliyik. Biz onsuz da Azərbaycan vətəndaşı kimi bərabər hüquqa malikik. Hansısa azsaylı xalqların narazı qalmaması üçün, yaxud da Rusiyanın xoşuna gəlmək üçün öz millətimizi danmalıyıqmı? Əksinə bunu açıq söyləyərək onlarla daha çox səmimi oluruq. Açıq söyləməyəndə onlar özlərini bizim ümumi ad altında daha çox ərimiş hiss edirlər və qeyri səmimilik yaranır. Ermənilər bizi olduğu kimi Türk çağırırlar, bizdə isə bir çoxları nədənsə öz gerçək adımızı söyləməkdən utanır”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 157
avatar

Oxşar yazılar