Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporunun (UABD) ofisində Ermənistanın azərbaycanlılara qarşı törətdiyi təcavüzdən bəhs edən, jurnalist Elşad Eyvazlının müəllifi olduğu və Ukrayn dilinə tərcümə olunan “Böyüməyən uşaqlar” kitabının təqdimatı keçirilib.
UABD-dən Lent.az-a verilən məlumata görə, təşkilat sədri Hikmət Cavadov bildirib ki, kitab 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda hər iki valideynini itirmiş uşaqların acı xatirələrindən bəhs edir.
O qeyd edib ki, kitabın Ukrayna dilində təqdimatının məqsədi Xocalı soyqırımı ilə bağlı həqiqətləri bu ölkənin ictimaiyyətinin diqqətinə çatdırmaqdır: “Hər iki valideynini itirmiş Xocalıdan olan 25 uşağın axtarıb tapılması, onların acı talelərinin qələmə alınması çox əhəmiyyətli idi. Jurnalist Elşad Eyvazlı bunu bacarıb və ortaya erməni vandailzmi ilə bağlı dünyanı inandıra biləcək faktlar qoyub”.
Təqdimatda çıxış edən UABD-nin sədr müavini Murad Cəfərov bildirib ki, bu kitab bizə imkan verəcək ki, Xocalı soyqırımı və ümumilikdə Ermənistanın Azərbaycana təcavüzü ilə bağlı həqiqətləri Ukrayna ictimaiyyətinə rahat şəkildə çatdıraq: “Böyüməyən uşaqlar”ın xatirələri dəhşətlidir. Bu dəhşətlər bizi bir daha düşmənə qarşı birləşməyə və işğal altında qalan torpaqlar uğrunda mübarizəyə səsləyir”. Tədbirdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin dekanı Əmir Əliyev, səfir Tələt Əliyev və UABD-nin Alimlər Şurasının üzvləri – professor Arif Quliyev, tanınmış jurnalist Əlisa Dəmirov çıxış edərək Xocalı soyqırımının Ukrayna cəmiyyətində tanıdılması üçün “Böyüməyən uşaqlar” kitabının əhəmiyyətli rol oynayacağını bildiriblər. Onlar bildiriblər ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya Ədalət!” Beynəlxalq Kampaniyası ilə yanaşı bu kimi nəşrlər də Xocalı soyqırımının təbliği nöqteyi-nəzərdən əhəmiyyətli vasitədir.